Xalqımızın milli maraqları baxımından müstəsna əhəmiyyətə malik olan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” tarixi bir sənəddir. Bu Proqram dövlətçilik tariximizin ən yeni mərhələsində qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasından, ölkəmizin gücündən, qüdrətindən xəbər verir. Əhatə dairəsi kifayət qədər geniş olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa - quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial - iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Dövlət Proqramının prioritet vəzifələrinin həyata keçirilməsi üzrə mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınmasıdır.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl modellərin tətbiqi ilə həyata keçiriləcəkdir. Şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınacaqdır.
Həmçinin sənəddə işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi - texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılmışdır. Vacib məqamlardan biri də odur ki, həmin ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdən hesab olunur. Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır.
Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə (“ASAN” xidmət və DOST mərkəzləri və s.) universal çıxış təmin ediləcəkdir. Əhalinin geri qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi də daxildir.
Müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün əsas hədəf göstəricisi ərazilərin iqtisadi cəhətdən özü - özünü təmin edən regiona çevrilməsidir. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib, 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Möhtərəm Prezidentimizin prinsipial, qətiyyətli siyasi iradəsi, ölkəmizin iqtisadi imkanları, hazırkı dövrdə görülən genişmiqyaslı bərpa quruculuq işləri artıq “Böyük Qayıdış” prosesinin başlandığından xəbər verir. İnanırıq ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə nəzərdə tutulan müddətdə uğurla yerinə yetiriləcəkdir.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər