Jirinovski Vladimir yeni bir müsahibə verib. Jirinovski bir partiya (RLDP) sədridir, Rusiya siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, alimdir. O, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü, habelə Rusiya Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürmüş biridir (1991-2012).
Beləliklə, o, nə etməli olduğunu, üzərinə düşən siyasi, mənəvi məsuliyyəti fərq etməyə əsaslar verən bir özkeçmişə malikdir. Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yağdırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq, beynəlxalq, yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illa da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının, yaxud xalqlarının ünvanına hədyanlar deməkləmi olmalıdır?
Özünə, öz partiyasına və ölkəsinə hörmət qoyan bir siyasətçi belə etməməlidir. Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Aydındır ki, Jirinovskinin adı keçən yerdə ciddiyyət arxa plana keçir. Bütün şüurlu həyatı boyu şüursuz davranış və “fikir”ləri ilə seçilən Jirinovski 75 yaşdan sonra müdrikləşəcək deyil hər halda. Olan-olub, keçən keçib – bu, Jirinovskidir: təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşan, həmişə əsəbi və ya yarıməsəbi... Sözün qısası, o, öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir: lider deyil, “lider”, hüquqşünas deyil, “hüquqşünas”, alim deyil, “alim” və s...
Jirinovski kimi qeyri-ciddi və gələcəyi olmayan birisinin müsahibəsinə diqqət yetirməmək də olar. Lakin onun daşıdığı siyasi vəzifə, onun mandatı nəzərə alınaraq, həqiqət adına bir neçə kəlmə deməkdə fayda vardır.
Həqiqətin bir üzü var: Jirinovski Azərbaycana haqq etdiyi sevgini göstərmək qabiliyyətinə malik deyil. “O, Rusiya ermənilərinin təsiri altındadır” deyənləri də, “Volodya şovinizmdən əziyyət çəkir” söyləyənləri də haqsız saymıram. Jirinovski kimi siyasətçilərdən nə partiyasına, nə də ölkəsinə xeyir gələr. Zatən rus ictimai fikrinin ona qarşı təpkiləri ilə də zaman-zaman tanış olmuşuq. İndi də ona rus ictimai fikri cavab verməlidir. Əslində, Rusiya-Azərbaycan münasibətlərinin qayğısına yalnız Azərbaycan qala bilməz, bu böyük qonşu böyük də diqqət yetirməlidir öz xarakterli qonşuları ilə münasibətlərə. Azərbaycanla qonşuluq, dostluq dəyərlidir. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməkçün dəyərli olmaq lazımdır, o isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən yoxsuldur.
Keçmiş olsun!
Jirinovski yalnız yaşı etibarı ilə deyil, içi çürük fikirlərlə dolu olan başı etibarı ilə keçmişdir.
Müstəqil Azərbaycan dövlətinin bayrağı uca olsun!
Bölməyə aid digər xəbərlər