“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.
ATƏT-in Minsk Qrupu ötən 28 ildəki yarıtmaz fəaliyyətinə görə BMT və beynəlxalq hüquq, eləcə də, ötən illər ərzində işğal səbəbindən hüquq və haqqı tapdalanan Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır”.
Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Məlum münaqişənin həlli istiqamətində heç bir əməli nəticə əldə etməyən ATƏT-in Minsk Qrupunun hazırkı cəhdlərinin sağlam niyyətli olmasına şübhə ilə yanaşdığını diqqətə çatdıran Hulusi Kılıç deyib:
“Prezident İlham Əliyevin həmsədrlərlə açıq və qəti şəkildə danışması məni son dərəcə qürurlandırdı. Müzəffər Ali Baş Komandanın fikirləri təkcə Azərbaycan və Türkiyə xalqlarının deyil, bütövlükdə sülhsevər dünya ictimaiyyətinin mövqeyi kimi başa düşülməlidir. Şahidi olduqlarımız dünyadakı münaqişələrin həlli ilə məşğul olan xüsusi statuslu bütün səlahiyyətlilər üçün mənəviyyat dərsidir.
İndi hər kəsi maraqlandıran mühüm bir sual var: Həmsədrlər Bakıya nə üzlə gəlir və istədikləri nədir? Ötən dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını düşmənə vermək üçün daha nələr etmədilər ki? Əgər 28 illik zamanımızı qəsb edən həmsədrlər bu suallara səmimi və inandırıcı cavab versələr o zaman bəlkə niyyətlərinin təmiz olduğu barədə rəy formalaşdırmaq üçün ilk addımları atarlar”.
Səfir deyib ki, Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İndi söz də, hökm də Azərbaycanındır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir.
Bölməyə aid digər xəbərlər