Müdafiə Nazirliyi Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu
- baş gizir Qurbanov Ruslan Əhliman oğlu,
- müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş çavuş Alıyev Qabil Qaybalı oğlu,
- müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, çavuş Əliyev Bəhlul Aydın oğlu,
- çavuş Əhmədov Qələndər Mail oğlu,
- kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazağın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazağın Dəmirçilər kəndində dəfn olunacaq.
Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılacaq.
Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib.
Qeyd edək ki, "Mercedes” və "VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. "VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib.
Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Qeyd edək ki, Tovuzda "Mercedes" və "Vaz" markalı avtomobillər toqquşub, nəticədə 6 nəfər ölüb.
Bölməyə aid digər xəbərlər