Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.
FHN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunması zəruridir:
• qaz cihazı saz və standartlara uyğun olmalı;
• cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
• havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;
• hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;
• tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.
Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Bölməyə aid digər xəbərlər