Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış müğənni Sahib Qazaxlı (İbrahimov) ilə görüşüb.
Q.Paşayeva sənətçinin yaradıcılığına yaxşı bələd olduğunu bildirib, onun yeni yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb.
Q.Paşayeva S.Qazaxlının Asəf Zeynallı adına musiqi kollecinin II kursunda oxuyarkən - 1992-ci ilin sonlarında Azərbaycan Milli Ordu sıralarına qoşularaq, I Qarabağ müharibəsində iştirakını, 4 il hərbi xidmətdə olduğunu minnətdarlıqla xatırladib.
Qeyd olunub ki, sənətçi ordudan tərxis olunduqdan sonra Asəf Zeynallı adına kollecdə təhsilini davam etdirib.
1996-cı ildən Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. 1997-ci ildə Azərbaycan Dövlət Muğam Teatrına dəvət alan sənətci, orada çalışıb. 2001-2005-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
Qənirə xanım deyib: - "Siz 2006-cı ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərirsiz. Bir vətəncanlı sənətçi olaraq, gənc nəslin təlim-tərbiyəsində istirak edirsiz. Onlara həm sənətin sirlərini öyrədirsiz, həm də doğma vətənimizə sevgi aşılayırsız.
Sizin ifalarınız gənclər, ümumən geniş tamaşaçı auditoriyası tərəfindən həmişə maraqla qarşılanır. Sizə yeni uğurlar diləyirəm!"
Komitədə baş tutan görüşdə sənətçinin qayğıları öyrənilib, fikir mübadiləsi aparılıb.
Komitə sədri S.Qazaxlıya Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
S.Qazaxlı Komitə sədrinə səmimi görüş və fikir mübadiləsi üçün təşəkkür edib.
Bölməyə aid digər xəbərlər