16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Ayseba Umutlu ilə müsahibə - Gülşən Behbudun təqdimatında

     Ad gününüz mübarək, Ayseba Umutlu !!!

   “Ümidləri kimlərəsə deyil, məqsədlərə bağlamaq lazımdır və o zaman uğur mütləq sizi tapacaq”

    Atam həmişə deyir: “Hər zaman ədalətli ol"

        

         İllər öncə azərbaycanlı xanım jurnalist Aysəba Umutlu "Yaxın Şərq Liderlik Akademiyası" Qətər üzrə prezidenti seçilmişdi. Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezident idi. Həmçinin dünyanın ən tanınmış media qurumlarından olan "Əl-Cəzirə"də çalışan yeganə azərbaycanlı jurnalistdir.

  

   Söhbətlərimizin birində: “Qətərdə fəaliyyətimi daha da genişləndirməyi, aktivləşdirməyi hədəfləmişəm. Xanımların fəal iştirakı, yerli və beynəlxalq əməkdaşlıqların qurulması, müxtəlif layihələrin həyata keçirilməsi əsas prioritet istiqamətlərimdir. Əslində, özümdən daha böyük gözləntilərim var və hər nə əldə etsəm yenə qane olmuram. Bir şeyi arzu edirəm, məqsəd qoyuram, çalışıram. Bir məqsədimə çatdıqdan sonra isə digərinə keçirəm. Bütün bunlara səbəb yəqin ki, böyüdüyüm ailə mühiti olub. Mən hələ uşaq vaxtlarımdan faydalı bir insan olmaq istəmişəm. İnsanların daha böyük işlər görə biləcəklərinə inanmışam. 

    Türkiyəli rəfiqəm  bir zamanlar  mənə demişdi: “Əzm zəfərin başlanğıcıdır. Aysəba, sən çox əzmli qızsan, buna görə də uğurlar sənin olur". Mənə elə gəlir ki, bu, həqiqətən belədir, uğurun ən böyük sirri əzm və təhsildir.Güclü olmaq, özünə güvənmək, öyrənmək, yaxşı insan olmaq üçün əzm göstərmək, çalışmaq lazımdır. Ümidləri kimlərəsə deyil, məqsədlərə bağlamaq lazımdır və o zaman uğur mütləq sizi tapacaq.


    - Uğur qazanmaqda kimlərə borclusuz?


    - Uğur qazanmağımda atamın gördüyü işlər mənə çox böyük ilham verib və örnək olub. O istəməsə də mən onun yolunu gedirəm və bunu da sevərək edirəm. Ancaq bəlkə də atam getdiyi yolun nə qədər çətin olduğunu bildiyi üçün mənim bu sahədə olmağımı istəməyib. Buna rəğmən atamın sevincinin şahidi oluram və bu da məni sevindirir. Ona görə də həyatda qazandığım hər bir uğurun zərrə qədərinə görə valideynlərimə, ailəmə və hər zaman yanımda olub, mənə dəstək olan dostlarıma borcluyam.


   - Atanızdan danışdınız, atanız tanınmış  insandı, jurnalistdir, ictimai xadimdir, bəs  ata kimi necə atadır? Onunla bağlı uşaqlıq xatirələrinizdən birini bizimlə bölüşə bilərsinizmi?


     -Atam ata olaraq həm tələbkar, həm də son dərəcə işgüzar olub. Uşaqlıq xatirələrim çoxdur, lakin ən çox yadımda qalan odur ki, hələ çox kiçik yaşlarımdan onun yanında olardım. Hər imkanda ondan öyrənməyə çalışar, buna görə də onunla birlikdə bir çox görüşlərə qatılardım. Bəzən tərcümə işlərində kömək etməyə çalışar, müşahidə edər və dinləyərdim.Hətta hava limanına onunla gedər, xaricdən gələn qonaqları birlikdə qarşılayardıq. O anlar mənim üçün sadəcə bir uşaq xatirəsi deyil, həyat dərsi idi.


-Uşaqlıq illərinizdən bu günə qədər sizə yol göstərən, atanızdan eşitdiyiniz ən önəmli tövsiyə hansıdır?


     -Atam həmişə deyir: “Iş insanın cövhəridir”, “hər zaman ədalətli ol"

    Bu sözlər mənim üçün sadəcə nəsihət yox, həyat ölçüsüdür. Bu gün verdiyim qərarlarda, tutduğum mövqedə və həyata baxışımda həmin cümlə əsas prinsip olaraq qalır. Mənim üçün uğur yalnız nəticə deyil, o nəticəyə gedən yolun dürüstlüyüdür.


-Atanızın şair və jurnalist kimi fəaliyyəti sizə və ailənizə necə təsir edib? 


    -Uşaqlığım ölkəmiz üçün ən ağır dövrlərdən birinə müharibə illərinə təsadüf edib. Atam Qarabağda baş verən faciələri dünyaya çatdırmaq üçün ölkəmizə gələn əcnəbi jurnalistlərlə fasiləsiz işləyirdi. Bu, onun üçün də, ailəmiz üçün də böyük bir sınaq idi.

Belə bir yükü daşımaq üçün insanın arxasında güclü və anlayışlı ailə dayanmalıdır. Bu mənada anamın atama verdiyi dəstək danılmazdır. Biz də uşaq olmağımıza baxmayaraq, vəziyyəti anlayan, səbirli övladlar olmuşuq. Necə deyərlər, güc birlikdədir.O zamanlar uşaq düşüncəsi ilə bəzən elə bilirdim ki, atam bizi sevmir. Onun diqqətini daha çox üzərimdə görmək istəyirdim. Amma o, çox vaxt döyüş bölgələrində, regionlarda olurdu. Böyüdükcə anladım ki, vətənini sevməyən insan övladını da düzgün sevməyi bacarmaz. Ola bilsin ki, məhz bu anlayış mənim də onun yolunu seçməyimə səbəb olub.


   -Cəmiyyət onu ictimai xadim kimi tanıyır. Bəs siz atanızı şəxsiyyət olaraq necə təsvir edərdiniz?


   -Mənim üçün o, ürəyi vətəni ilə döyünən, prinsipial, güclü iradəyə malik və vətəni naminə çoxlarının cəsarət etmədiyi fədakarlıqları edən böyük bir şəxsiyyətdir. O, yalnız danışan deyil, etdikləri ilə nümunə olan insandır.


  - Beynəlxalq Avrasiya Mətbuat Fonduna rəhbərlik etməsi ailə daxilində necə bir atmosfer yaradırdı? Bu mühit sizə nə öyrədib?


-BAMF mənim üçün sadəcə bir təşkilat deyil, bir məktəbdir. Bu məktəbdə mən və mənim kimi yüzlərlə gənc həm peşə, həm də həyat dərsi alıb.

Bu mühit bizə öyrətdi ki, hər böyük işin arxasında zəhmət, səbir və məsuliyyət dayanır. Atamdan vətənpərvərlik, dürüstlük və güclü ünsiyyət bacarığı qazanmışam. Qarabağa tez-tez getməsi, dostlarına sədaqəti və çətin günlərdə onların yanında olması onun xarakterinin ən uca cəhətlərindəndir.


   -Atanızın humanitar missiyaları və sülh təşəbbüsləri arasında sizi ən çox təsirləndirən məqam hansıdır?


    -Onun gördüyü hər bir işin özünəməxsus çəkisi və izi var. Getdiyim bir çox ölkədə onu tanıyan insanların qarşıma çıxması, adını hörmətlə çəkmələri və ziyalı, prinsipial insan kimi xatırlamaları mənim üçün böyük qürur mənbəyidir.

    Atam kasıb bir ailədə böyüsə də, müharibənin ən ağır illərinə təsadüf edən bir dövrdə gənc yaşlarından yalnız öz həyatının yox, bütün bir nəslin məsuliyyətini üzərinə götürüb. Indinin ozunde bele cox tehlukeli bolgelere qorxmadan yurumesi yani ,bu qədər uğuru böyük zəhmət, risk və fədakarlıq hesabına qazanması mənə hər zaman güc verib.

   Onu fərqləndirən əsas cəhət odur ki, çətinlik qarşısında geri çəkilməyi yox, məsuliyyət götürməyi seçib. İnsanlara kömək etməyi, doğru bildiyi yoldan dönməməyi və bütün addımlarını yalnız vicdanı və vətəninə olan borcu ilə ölçməyi həyat prinsipi edib. Mən onun gücünü yüksək vəzifələrdə deyil, məhz bu səssiz, amma qətiyyətli seçimlərində görmüşəm.


   -Atanızın sizin həyatınıza ən böyük təsiri nə olub? Sizə öyrətdiyi ən mühüm həyat dərsi hansıdır?


   -Deyirlər ki, valideynlər hər şeyi öyrətmirlər, yaşadıqları ilə nümunə olurlar. Mən atamın yolunu izləmişəm və bu yoldan saysız-hesabsız dərslər götürmüşəm. Atamın hər sözü və hər davranışı bu gün Aysebanın ümidli, məqsədli və məsuliyyətli bir insan olmasının əsas səbəbidir.


    -Atanızın 65 illik yubileyi yaxınlaşır,ona hansı sözləri demək istərdiniz?


    -Atama demək istərdim ki, onun həyatı, mübarizəsi və prinsipləri təkcə ailəmiz üçün deyil, bir çox insan üçün örnəkdir.Ona sağlamlıq, uzun ömür və gördüyü işlərin əsl dəyərini tapdığını hiss etdiyi iller arzulayıram.  Onun qızı olmaq mənim üçün böyük qürurdur.


-Sizi  də  ad günü münasibəti  ilə  təbrik edirik!


Gülşən Behbud

şair – jurnalist, Prezident mükafatçısı,   

Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri,  

 “Tərəqqi” Medalı lauretı,  EdNews TV-nin əməkdaşı


Tarix: 8-01-2026, 20:26 Oxunub: 698


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031