UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlər bilet almaq istəyərkən problemlə üzləşiblər.
Minlərlə azarkeşin "iTicket.az" saytından bilet almaq cəhdləri uğursuz olub.
Üstəlik, ötən gün bəzi azarkeşlərin kartlarından biletin qarşılığında pul çıxılsa da, onlar bilet ala bilməyiblər.
Məsələ ilə bağlı ''iTicket'' şirkətinin direktoru Kamran Abasov ''Xəzər Xəbər''ə bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saatlıq onlayn satış dayandırılıb. Buna baxmayaraq satış nöqtələrində fiziki bilet satışları davam edib.
Kamran Abasov əlavə edib ki, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri 1 gün ərzində geri qaytarılacaq.
O qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum 3 bilet almaq mümkündür. Ancaq hazırda ''qara bazar'' şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və ''Qarabağ''ın növbəti oyunlarında ''Bir bilet, bir şəxsiyyət vəsiqəsi'' prinsipi yenidən tətbiq ediləcək.
Bölməyə aid digər xəbərlər