Bu gün Qazax rayon təhsil sektoru üzrə İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Əliyev Rayət Səhlədar oğlu haqqında söhbət açmaq istəyirik.
Rayət müəllim 30 iyun 1960-cı ildə Qazax rayonun Kosalar kəndində anadan olmuşdur. Hələ uşaq vaxlarından (məktəb illərində) elmə, biliklərə və idmana böyük marağı olan Rayət müəllim orta məktəbi əla qiymətlərlə başa vuraraq təhsilini davam etdirmək üçün sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstutuna verir, yüksək balla həmin instituta qəbul olur.
Tələbəlik illərində elmi biliklərə yiyələnməklə bərabər idman ustalığını da artıraraq sərbəst güləş idman növü üzrə “İdman ustalığına namizəd” dərəcəsini ödəyir. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İstutunu fərqlənmə diplomu ilə bitirərək, öz doğma yurdu olan Qazax rayonuna təyinat alır. Elə həmin ildən Qazax rayon UGİM-də sərbəst güləş üzrə məşqçi – müəllim, 1992-ci ildən Kosalar kənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. İşlədiyi müddət ərzində Rayət müəllim əldə etdiyi bilik və bacarıqlarını böyük həvəslə öz şagirdlərinə öyrətməyə nail olur.
Ölkəmizdə yeni təhsil kurikulumlarının tətbiqi onun pedaqoji fəaliyyətində yeni imkanlarının yaranmasına səbəb oldu. Belə ki, qrafikə uyğun olaraq, nümunəvi dərslərini nümayiş etdirən Rayət müəllim bilik və təcrübəsini rayon təhsil sektoru üzrə həyata keçirdi. Təhsildə, təlimdə innovasiya edərək fiziki tərbiyə fənni üçün ölkədə ilk dəfə olaraq “Fiziki Tərbiyə Marşı” məhz Rayət müəllim tərəfindən yazılaraq ictimaiyyətin ixtiyarına buraxıldı. Əsər Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 20.12.2017-ci il, 990 N-li şəhadətnamə ilə qeydiyyata alınmışdır.
Rayət müəllim pedaqoji fəaliyyəti ilə bərabər idman fəaliyyəti ilə də məşğul olmağa vaxt ayırmağı bacarır. Belə ki, uşaqların ehtiyaclarını nəzərə alaraq rayonda “Qazax Gənclər” futbol klubu yaradaraq ona rəhbərlik etməyə başlayır. Həm məktəb, həm də futbol klubunun idman fəaliyyətlərini nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi onu “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görür.
Onu da qeyd edək ki, Rayət müəllim pedaqoji fəaliyyəti ilə bərabər bir necə elmi məqalələrin, iki kitab və “Azərbaycan idmanı” dastanının müəllifidir. Fəxrlə qeyd etmək istəyirəm ki, hər 3 kitabın redaktoru mən olmuşam.
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev cənabları Rayət müəllimin pedaqoji uğurlarını dəyərləndirərək 02 oktyabr 2023-cu il tarixli əmri ilə “5 oktyabr Beynəlxalq Müəllimlər Günü” münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif etmişdir.
Qazax -Tovuz Reqional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev təntənəli təltif mərasimində Rayət müəllimə "Qabaqcıl Təhsil İşçisi" döş nişanını təqdim etmişdir.Bu təltif münasibətilə Qazax rayon İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Əliyev Rayət Səhlədar oğlunu təbrik edirik, ona pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq. Müəllim əməyinə verdiyi dəyərə görə isə Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev cənablarına təşəkkürümüzü bildiririk.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər