11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Şəhid jurnalistin övladı: - “Atamın doğum günündə bizimlə birgə olmasını istəyirəm”

Azərbaycanın Zəfəri ilə başa çatan Vətən müharibəsində savaş yalnız döyüş meydanında getmirdi. Sözsüz ki, torpaqlarımızın azadlığı uğrunda aparılan haqq mübarizəsində əsas yük qəhrəman hərbçilərimizin çiyinlərinə düşmüşdü, amma bu, kifayət deyildi, onların gördüyü işi xalqa və dünyaya çatdırmaq, onlara mənəvi dəstək olmaq lazım idi.
Savaş həm də informasiya cəbhəsində gedirdi və heç də asan deyildi. Ermənilər və onun havadarları 30 ildə beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi obraz yaratmağa, özlərini məzlum, azərbaycanlıları isə qəddar kimi təqdim etməyə çalışırdılar. Bu cür əsassız rəylərin formalaşmasının qarşısını almaq, Qarabağla bağlı həqiqətləri, ermənilərin törətdikləri vəhşilikləri dünyaya çatdırmaq qarşıda duran əsas məqsədi idi.
Müharibənin ilk günlərindən Məhərrəm İbrahimov informasiya savaşının ön cəbhəsində idi. O, dövlət agentliyinin - AZƏRTAC-ın hərbi müxbiri kimi ilk gündən cəbhə bölgəsinə yollanmışdı, ən qaynar nöqtələrdə olur, döyüş meydanında baş verənləri, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki vətəndaşlara qarşı törətdiyi terror aktları barədə doğru informasiyaları ölkəyə və dünyaya yayırdı.
Savaş 44 gün sürdü, Azərbaycan möhtəşəm qələbə qazandı, düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü təmin etdik, lakin mübarizə fərqli şəkildə davam edirdi. Məkan yenə də Qarabağ, Şərqi Zəngəzur idi. İndi ermənilərin 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarını, evlərin yandırılmasını, dağıdılmasını, qəbiristanlıqların yerlə-yeksan edilməsini, dini, mədəni, tarixi abidələrə qarşı vəhşilikləri çəkib göstərmək, dünyaya yaymaq lazım idi.
Məhərrəm və həmkarları bu işlə məşğul idi, azadlığına qovuşmuş şəhərləri, rayonları, kəndləri küçə-küçə, ev-ev gəzir, real vəziyyəti öyrənir, foto və videolentə köçürür, informasiya toplayırdılar. O, bu yolda canından keçdi, döyüş dayanandan 206 gün sonra Kəlbəcərdə ermənilərin basdırdıqları minanın partlaması nəticəsində bizlərdən cismən ayrıldı.
Bu gün, aprelin 16-da şəhid Məhərrəm İbrahimovun doğum günüdür, yaşasaydı, 40 yaşı tamam olacaqdı.
“Report”un əməkdaşı şəhidin ailəsinə baş çəkib, doğmaları ilə həmsöhbət olub.

Mərhum M.İbrahimov haqqında danışan qardaşı, jurnalist Əsgər İbrahimov deyir ki, o, sakit, mülayim xarakterli, işinə bağlı və peşəkar idi:
“Məhərrəm dördüncü, yəni ən kiçik qardaşımızdır. O, peşəsinə olduqca bağlı idi. Onu da deyim ki, danışmağı bir o qədər də sevmirdi. Qarabağda çəkilişlərdə olan zaman əlaqə saxlayar, əhvalını soruşardım. O isə sadəcə sağ-salamat və hər şeyin qaydasında olduğunu deyirdi. Son dəfə görüşə gələndə Hadrutu çox bəyəndiyini, hətta gələcəkdə orada yaşayıb, övladlarını orada böyüdəcəyini demişdi. Arzuları yarımçıq qaldı. Tək təsəllimiz yolunun Vətən yolu, məkanının Şəhidlik zirvəsi olmasıdır”.
Həyat yoldaşı Bahar İbrahimova hələ də Məhərrəmin yoxluğu ilə barışa bilmədiyini, onun yolunu gözlədiyini söyləyir:
“Hələ də onun yoxluğunu qəbul edə bilmirəm, indi də çəkilişlər etdiyini, işinin başında olduğunu zənn edirəm. Keçən il onunla birlikdə son doğum gününü keçirdik. Bu gün Məhərrəmin 40 yaşı tamam olur. Əslində, doğum gününü qeyd etməyi sevməzdi. Biz isə hökmən tort alar, ona sürpriz edərdik. Ötən il də onu evdə eyni şəkildə qarşıladıq. Onda Məhərrəm əlini qaldırıb Allaha şükür etmişdi. Sən demə, sonuncu birlikdə olduğumuz doğum günü imiş. Bu gün isə onun cənnətdəki ilk doğum günüdür”.

B.İbrahimova Məhərrəmin bir ata kimi övladlarına həddən artıq bağlı olduğunu, onlara xüsusi qayğı ilə yanaşdığını bildirdi:
“Məhərrəm övladlarına çox bağlı idi. İşdən yorğun gəlməsindən, istənilən problemdən asılı olmayaraq, bir tikəsini belə övladlarından ayrı yeməzdi. Böyük oğlum Uğur artıq atasının yoxluğunu tam olaraq dərk edir. Bu yaxınlarda atası ilə bağlı söhbət edir, onunla olan xatirələrimizdən danışırdıq. Oğlum mənə “ana, kaş ki, atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” dedi. Bu sözlər mənə çox təsir etdi. Nə qədər çətin olsa da, oğluma atasının artıq bu həyatda olmadığını, Vətən uğrunda peşə fəaliyyətini yerinə yetirərkən ən uca zirvə olan Şəhidlik mərtəbəsinə ucaldığını dedim”.

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə Bakıdakı 100 nömrəli orta məktəbi bitirərək, Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. Təhsilini 2003-cü ildə başa vurub. Həmin il iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət edib. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini başa vurub.
2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.
2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəli idi, iki övladı yadigar qalıb.


Tarix: 16-04-2022, 14:24 Oxunub: 705


Bölməyə aid digər xəbərlər