Sahil Babayev istefa verməlidir

  İqtisadiyyat naziri Mikayıl Cabbarov  "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında martın əvvəlindən indiyədək ölkədə təxminən 80 min yeni iş yeri açıldığını bildirib.  Nazirin sözlərinə görə, açılan yeni iş yerlərinin 15%-dən çoxu özəl sektorun payına düşür.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Mikayıl Cabbarovun səsləndirdiyi bu statistika ilə bağlı deyib ki, statistika qeyri-şəffafdır:
"Bu ilin mart ayının statistikasına əsasən ölkədə 91 minə yaxın işsiz var idi amma pandemiya dövründə 600 min insana 190 manatlıq müavinət verildi. Elə, bunu deməyim kifayət edir ki, nazirin açıqladığı statistikanın qeyri-şəffaf olması isbat olunsun. Digər bir tərəfdən isə cənab nazir səsləndirdiyi "80 min iş yerinin" 20%-ni mətbuata açıqlasın, haradadır o iş yerləri? Pandemiya dövründə 80 min iş yeri açıldığı deyilir, amma nə qədər iş yeri qapadıldığı deyilmir. Niyə? Eyni zamanda, pandemiya dövründə insanlara 190 manat verilir ki, 1 ay bu pulla yaşa. 190 manatı nəyə əsasən təyin ediblər? Niyə 190 manat? Görmürlərmi ki, bu məbləğ nazirlərin həyat yoldaşlarının 1 dəfə "pedikür"ə verdiyi puldur? 190 manatın 100 manatını bu adam koronavirus testinə versə, nə ilə dolanacaq? Görünür ki, bizim məmurlar yerlərində deyil. Ona görə də belə rəqəmlər ortaya çıxır. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilin əvvəlində deyir ki, 90700 işsiz var, sonra 600 min adama 190 manat verir. Onu da min bir bəla ilə. Elə, bu rəqəmlərdən sonra Sahil Babayev dərhal istefa verməli idi. Hər kəs, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, müstəqil ekspertlər, bir sözlə, hər kəs bu "niyə"lərə cavab axtarır. Dövlət vətəndaşının yanında olmalıdır ki, bu pandemiyaya qalib gələk, amma bu gün bu görünmür."
 
                                                Fərid İMRAN


Tarix: 17-12-2020, 20:17 Oxunub: 925


Bölməyə aid digər xəbərlər