ABŞ-ın Aydaho ştatının sakini 25 il sonra cinayətini etiraf edib. Onun əvəzinə başqası 20 il həbsdə yatıb.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Bildirilir ki, 55 yaşlı Brayan Dripps 18 yaşlı qonşusu Enci Cocun qətlini etiraf edib. O bildirib ki, qızı həyatdan məhrum etmək istəməyib. Lakin həmin gün o, həm bərk içmiş, həm də kokain çəkmişdi. Dripps qıza təcavüz etmək fikrində olduğunu, bu səbəbdən özü ilə cib bıçağı götürdüyünü deyib.
Təqsirkar genetik şəcərə metodu sayəsində müəyyən olunub. Bu yanaşma çərçivəsində mütəxəssislər şübhəlinin genetik portretini yaradır, genetik məlumat bazalarında onun uzaq qohumlarını axtarır və onların vasitəsilə təcavüzkarın izinə düşürlər.
Sözügedən istintaqda isə cinayət yerindən olan bir siqaret kötüyündən tüpürcək izləri nümunə olaraq istifadə edilib.
Buna qədər isə Cocun qatili Kristofer Tapp hesab olunub. O, törətmədiyi cinayəti etiraf etmək məcburiyyətində qalıb. Belə ki, təqsirləndirilən şəxs güc istifadə etməklə 12 saat dindirilib və cinayəti etiraf etməyəcəyi təqdirdə ölüm hökmü ilə hədələnib.
Nəticədə Tappa 30 il müddətinə azadlıqdan məhrumetmə verilir. O, bu müddətin 20 ilini həbsdə keçirdib.
Həqiqətin üzə çıxması üçün Tappa “The Innocence Project” təşkilatı və qurbanın anası kömək edib.
Tappın hadisəsi - Amerika məhkəmə praktikasında genetik şəcərənin günahsız bir insana haqq qazandırmasına kömək etdiyi ilk hadisədir.
Bölməyə aid digər xəbərlər