Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbindən baş verə bilər. Hazırda isə populyar elmdə müxtəlif xalqların folkloru əsasında simvolik olaraq fəsli və aylıq Super Ay ifadə edilir.
Fəsli Mavi Super Ay çox nadir halda baş verir, fəsli dörd bədirlənmiş Aydan üçüncüsü Mavi Ay adlanır. Aylıq Mavi Ay isə bir təqvim ayındakı ikinci bədirlənmiş Aya deyirlər. Bu dəfə müşahidə olunacaq Super Ay fəsli Mavi Aydır.
Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.
Super Ay zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Avqustun 19-da Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olacaq.
İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.
Bölməyə aid digər xəbərlər