Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı güləşçi Abdulraşid Sadulayevin Bakıda keçiriləcək lisenziyalı Olimpiya turnirində iştirakına icazə verməyib. Bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Müvafiq bildiriş aprelin 3-də Dünya Güləş Birliyi tərəfindən verilib. Bu, artıq Sadulayevlə bağlı ikinci qərardır. Fevral ayında rusiyalı güləşçi Şengen vizası ilə Rumıniyaya buraxılmayıb və ona Avropa çempionatında iştirak etmək imkanı verilməyib.
“Beynəlxalq Olimpiya Komitəsi növbəti yoxlamadan sonra beynəlxalq yarışlara buraxılmayanların yeni siyahılarını açıqlayıb. Təəssüf ki, onların arasında Olimpiya Oyunlarının ikiqat qalibi, komandamızın kapitanı Abdulraşid Sadulayev də olub. O, Bakıya getsə belə, yarışa buraxılmayacaq, onun BOK-dan qadağası var. Dünya Güləş Birliyi bizimlə dərhal əlaqə saxladı və onu mümkün qədər tez əvəzləmək imkanı verdi - Alixan Cabrayılov Bakıda çıxış edəcək.
Vurğulamaq istəyirəm ki, Sadulayevin ölkəyə daxil olmasının qarşısını almaq qərarını məhz BOK verib, Dünya Güləş Birliyi isə əksinə, Sadulayevin döyüşməsi üçün mümkün olan hər şeyi edib”, - deyə Rusiya Güləş Federasiyasının rəhbəri Mixail Mamiaşvili bildirib.
Qeyd edək ki, Abdulraşid Sadulayev Rio-de-Janeyro və Tokioda keçirilən oyunlarda qızıl medal qazanıb. 27 yaşlı güləşçinin dünya çempionatlarında da beş qələbəsi var. Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Bölməyə aid digər xəbərlər