Böyük qürur hissi ilə qeyd etmək olar ki, ölkəmiz Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində günbəgün yeni - yeni uğurlara imza ataraq dünyada nüfuz qazanır, etibarını daha da artırır. Günümüzün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi həm də regionda və bölgədə etbarlı strateji tərəfdaşdır. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini inkişaf etdirir. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi öz növbəsində böyük perspektivlərə yol açır. Artıq Azərbaycan ən çox beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
COP29 Beynəlxalq Konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın qəbul olunması isə ölkəmizin növbəti uğurudur. Cari ilin 15 dekabr tarixində Möhtərəm Prezidentimiz İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışı zamanı qeyd etmişdir ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz, Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.
Dövlət Başçısı çıxışı zamanı onu da vurğuladı ki, Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Önəmli amillərə toxunan ölkə başçısı onu da qeyd etdi ki, bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətindən danışan ölkə rəhbəri qeyd etdi ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.
Beynəlxalq ictimaiyyətin yekdil mövqeyini qeyd edən ölkə başçısı bildirdi ki, Bakıda COP29 Konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.
Dövlət başçısı bildirdi ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.
Beynəlxalq riyakarlıqdan söz açan ölkə başçısı qeyd etdi ki, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. “İkili standartlar” siyasətinin təzahürünə toxunan ölkə rəhbəri qeyd etdi ki, bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Dövlət başçısı bildirdi ki, beynəlxalq birlik 30 - 40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir.
Uğurlu sədrlikdən danışan ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Beynəlxalq dəstəyin böyük göstəricisini qeyd edən ölkə başçısı söylədi ki, dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xüsusi vurğuladı ki, COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft - qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin özəyidir.
Ruslan Rzayev
YAP Qazax rayon təşkilatının fəalı
Bölməyə aid digər xəbərlər