11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Azərbaycan Türk dünyasının ən fəal üzvüdür" - Sevda Məmmədova

    Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı, toplantıdakı çıxışı çox yaddaqalan oldu.
     Belə ki, Dövlətimizin Başçısı tərəfindən Türk Dövlətləri Təşkilatının nüfuzunun bundan sonra da artacağına əminlik ifadə olundu, təşkilata üzv ölkələrin təhlükəsizlik, müdafiə və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığının daha da artırmasının əhəmiyyəti xüsusi qeyd edildi.Vurğulandı ki, Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına   20 milyard dollardan çox sərmayə yatırıb,
 Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan - Qırğızıstan İnkişaf Fondu yaradılıb, cari ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib və Şərq - Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə böyük töhfə verib.
     Möhtərəm Prezidentimiz eyni zamanda vurğuladı ki, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir, keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.
     2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.Azərbaycan 2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi və 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.
     Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahüründən söz açan Prezidentimiz  bildirdi ki, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunub. Qazaxıstanın Prezidenti Kasım - Jomart Tokayevin təşəbbüsü ilə Füzuli şəhərində yaradıcılıq mərkəzi inşa edilib. 
     Dövlət Başçımız bildirdi ki,Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini vermişdir və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır. Cənab İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini də bir daha önə çəkərək  qeyd etdi ki: “Türk dünyası böyük bir ailədir. Bir - birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”
    Bəli, Azərbaycanın Türk dünyasında xüsusi yeri vardır və böyük hörmətə, nüfuza malikdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasının ən fəal üzvü olan ölkəmiz hazırda bütün sahələrdə  yeni - yeni uğurlar qazanır və Türk dövlətləri birliyinin daha da möhkəmlənməsi və uğurları naminə öz töhfəsini verir.

Sevda Məmmədova
 YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 7-11-2023, 10:38 Oxunub: 161


Bölməyə aid digər xəbərlər