11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Cavab tədbirləri daha da sərt olacaq" - Elvira Əfəndiyeva

       Biz bu gün həqiqətən də çox böyük qürurverici hadisələrə şahidlik edirik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bölgəni və bütün dünyanı narahat edən, düşündürən, mühüm əhəmiyyət kəsb edən hər bir hadisəyə dair müdrik  fikirlər söyləyir, dəyərli təkliflər irəli sürür, lazımi mesajlar göndərir. Hər bir hadisənin miqyasını beynəlxalq aləm səviyyəsinə qaldıraraq bəyan edir ki, Azərbaycanın niyyəti  davamlı sülh və qarşılıqlı anlaşmadır. 
        19 sentyabr tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror aktı ilə əlaqədar 2023-cü il 20 sentyabr tarixində Möhtərəm Prezidentimiz  İlham Əliyev xalqa müraciətində ilk növbədə, lokal xarakterli antiterror tədbirlərini zəruri edən məqamlardan söz açdı.  Ermənistan və Qarabağdakı separatçı rejimin 19 sentyabr tarixinin yaşanmasını doğuran ayrı-ayrı məqamlara  toxundu. Prezidentimiz bildirdi ki, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Ona görə də  antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.
    Prezidentimiz bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Ölkə başçımız qeyd etdi ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik.
       Yevlax şəhərində Qarabağ icmasının nümayəndələri ilə təşkil olunacaq görüşə toxunan Prezidentimiz dedi ki, biz gələcək ilə bağlı olan baxışlarımızı çatdıracağıq. Qarabağda yaşayacaq ermənilərin bütün hüquqları təmin ediləcək - təhsil, mədəniyyət, din hüquqları, bələdiyyə  seçki hüquqları. Hamı bilir ki, Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı - seçkilik olmayıb və olmayacaq.Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda.
     Ölkə Başçımız söylədi ki, işğaldan azad olunmuş bütün ərazilər inkişaf edəcəkdir. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şəraiti biz Xankəndində, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir.
Prezident İlham Əliyev Cənubi Qafqazda yeni reallıq, uzunmüddətli sülh yaranacağını söyləyərək dedi ki,  biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi maraqlarını güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!
    Bəli, Azərbaycan hər ötən gün güclənir, daha da qüdrətli olur. Ermənistan və havadarları anlamalıdırlar ki,  ölkəmizə qarşı yönələn  bütün   təxribatların, terror aktlarına cəhdlərin qarşısı qətiyyətlə alınacaqdır və cavab tədbirləri  daha da  sərt olacaqdır. Hazırda mövcud Azərbaycan reallıqları bir daha bunu sübut edir.

Elvira Əfəndiyeva
YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 25-09-2023, 11:41 Oxunub: 102


Bölməyə aid digər xəbərlər