Dövlət başçısı İlham Əliyevin mayın 21-22 tarixlərində Litvaya rəsmi səfəri mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Litva arasında müxtəlif sahələri əhatə edən mühüm sənədlər imzalandı. Litva Prezidenti Gitanas Nauseda bildirdi ki, bir il bundan əvvəl Azərbaycana səfəri çərçivəsində əhəmiyyətli müzakirələrə start verildi. İkitərəfli əməkdaşlıq baxımından iqtisadiyyat və təhsil sahələrində əlaqələrin daha da gücləndirilməsi barədə qərara gəldik. Litva Prezidenti belə bir əminliyi ifadə etdi ki, bu səfər Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.
Səfər çərçivəsində Litva-Azərbaycan biznes forumu keçirildi. Bu platformada iqtisadi sahədə yeni imkanlar yaranır. Eyni zamanda, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Təbii ki, bu mühüm addımlar ikitərəfli münasibətlərimizin inkişafında öz sözünü deyəcək.
Litva Prezidenti mətbuata bəyanatında onu da bildirdi ki, ölkəsi 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfələrini verir. Səfər çərçivəsində aparılan müzakirələrdə, həmçinin mətbuata birgə bəyanatlarda bu məqsəd də açıqlandı ki, hər iki ölkə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar axtarmalıdır. Litva Avropa İttifaqının Azərbaycan ilə enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndirir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi davamlı töhfələr yüksək dəyərləndirildi. Müzakirələrdə, həmçinin bərpa olunan enerji sahəsində də əməkdaşlıq geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.
Müzakirələrdə diqqət göstərilən məsələlərdən biri də nəqliyyat-kommunikasiya imkanlarının artırılması oldu. Bildirildi ki, Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Cənab İlham Əliyev Azərbaycanın bu sahədə verdiyi töhfələrə də diqqəti yönəldərək vurğuladı ki, ölkə ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylər əsasında həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Ümumilikdə səfər çərçivəsində müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir. Səfər əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyətli rol oynayacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər