Sputnik Azerbaijan-ın rusdilli versiyasının dörd redaktoru dünən istefa verib.
Bunlar Zülfiyyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina, Gülzar Mustafayevadır.
Onlar sosial şəbəkə paylaşımları vasitəsilə işdən ayrıldıqlarını bildiriblər.
“Beləliklə, nəzərinizə çatdırıram ki, bu gündən Sputnik Azerbaijan-la yollarım ayrılıb. Mən və bəzi həmkarlarım Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydə təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik. Gözəl ov idi”, – deyə Sputnik Azerbaijan-ın redaktoru Gülzar Mustafayeva qeyd edib.
“Bu gündən mənim Sputnik Azerbaijan-la heç bir əlaqəm yoxdur. Orada qalanlara (hamısına deyil) uğurlar!”, – deyə Sputnik Azerbaijan-ın redaktoru Zülfiyyə Qurbanova yazıb.
“Sputnik Azerbaijan-la olan əməkdaşlıq məntiqli və yəqin ki, qaçılmaz sona çatdı. Bu 6,5 ildə yaxşı və pis şeylər də oldu”, – deyə Sputnik Azerbaijan-ın redaktoru Yelena Starostina yazıb.
“Sputnik Azerbaijan dastanı bitdi. Allah bilir, bütün vicdanlı həmkarlar, biz əlimizdən gələni etdik. Amma bu qədər”, – deyə Sputnik Azerbaijan-ın redaktoru Cəmilə Əfəndiyeva yazıb.
Redaktorlar bildiriblər ki, insident avqustun 3-də baş verib. Axşam radələrində “Qisas” əməliyyatı zamanı Rusiya Müdafiə Nazirliyinin “Azərbaycan atəşkəsi pozub” məlumatını saytda verməkdən imtina edən redaktorlara Sputnik-in Azərbaycan bölməsinin baş redaktoru Vitali Denisov – “Bunu yayımlamalıyıq”, – deyə sərt şəkildə bildirib.
Səhəri gün redaktorlar öz ərizələri ilə işdən ayrılıblar.
Redaktorlar qeyd edirlər ki, onlar Sputnik Azerbaijan-da çalışdıqları müddətdə, eləcə də 44 günlük müharibə zamanı Azərbaycanın mövqeyini hər şeydən üstün tutublar.
“44 günlük müharibə zamanı Sputnik Azerbaijan-ın baş redaktoru Əziz Əliyev idi və onunla birlikdə Azərbaycanın mövqeləri hər zaman Moskvada qorunurdu. Bizim saytda 44 günlük müharibə zamanı Azərbaycana qarşı heç bir məlumat çıxmayıb. Əziz Əliyev Moskva qarşısında bizi müdafiə edirdi və belə məlumatların çıxmasına icazə vermirdi”.
Hazırda baş redaktor olan Vitali Denisov bundan əvvəl Cənubi Osetiyada (separatçı bölgə) Sputnik-in yerli bürosuna rəhbərlik edirmiş.
Redaktorların sözlərinə görə, Vitali Denisov anti- Azərbaycan, ermənipəsərt mövqeyi ilə seçilib.
“Əziz müəllim gedəndən sonra artıq mübarizə aparmaq mümkün olmadı. Çünki Vitali Denisov heç bir şəkildə Azərbaycan mövqelərini qorumaq istəmir. Bizə hər gün tapşırıq verirdi ki, rus dilinin Azərbaycanda sıxışdırılması ilə bağlı yazılar yazaq. Halbuki bu belə deyil. O, jurnalistikadan heç bir anlayışı olmayan şəxsdir. Bu insanla işləmək artıq mümkün olmadı. O, Azərbaycanda olan ermənipərəst insanları ətrafına yığmaq istəyir. Bizi başqa mövqe ortaya qoymağa məcbur etdiklərinə görə biz fikirləşmədən istefa verdik”.
teleqraf
Bölməyə aid digər xəbərlər