Bu gün, 15 sentyabr, Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi Dədə Ədalətin dəfn olunduğu gündür.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalıb. 1950-ci ildə Bakıya dəvət olunur. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə etmişdir.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Azərbaycan aşıq sənətinin böyük bir epoxasının son qüdrətli təmsilçisi olan Ədalət Nəsibov Qazax rayonunun Ağköynək kəndində torpağa tapşırılıb. Dəfn olunduğu gündən Ağköynək məzarlığı, sözün həqiqi mənasında, ziyarət yerinə çevrilib. Türk dünyasında əli saz tutan istənilən insan Ağköynək məzarlığını ziyarət etməyi özünə borc biləcək. Çünki saz haqqı, ustad haqqı, Tanrı haqqıdır.
Onu qeyd edək ki, Qazaxda xor lirikasının da əsasını aşıq Ədalət Nəsibov qoyub.
Ustad aşıq Ədalət Nəsibov Azərbaycan aşıq sənətinin son mogikanı idi. O, elə bir zirvədir ki, ora ancaq ona məxsusdur.
Allh rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun, USTAD!!!
Bölməyə aid digər xəbərlər
















