2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 19 mart 2026- cı il tarixdə Bağanıs Ayrım qətliamının 36-cı ildönümünə həsr olunmuş "Bağanıs Ayrım qətliamı müdrik xalqımızın qan yaddaşıdır" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək abidə önünə tər güllər düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
YAP Qazax rayon təşkilatının iclas zalında keçirilən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Anar Nəbiyev açıb. Ümummilli Lider Heydər Əliyevin, müqəddəs şəhidlərin, faciə, soyqırımı və qətliam qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Bağanıs Ayrım kənd sakinləri, qətliamın canlı şahidləri Səməd Ocaqverdiyev, İlham Məhərrəmov, şəhid atası Elxan Abdullayev, partiya veteranları Gülnaz Alişanova, Ramil Qurbanov və şair Cavanşir Rüstəm çıxış edərək heç də hamar olmayan azadlıq, müstəqillik, suverenlik yollarında müdrik xalqımızın başına çox fəlakətlər, müsibətlər gətirildiyini qeyd ediblər. Natiqlər bildiriblər ki, belə faciələrdən biri də 1990-cı il mart ayının 24-də erməni silahlıları tərəfindən törədilən Bağanıs Ayrım qətliamıdır.
Ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğalı siyasətinin ilk qurbanı olan Qazaxın Bağanıs Ayrım kəndinin dünyanın ən böyük dəhşətini, faciəsini yaşadığını qeyd edən partiya üzvləri bununla da Bağanıs Ayrımın işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olduğunu vurğulayıblar.
Çıxış edənlər bildiriblər ki, həmin faciədən artıq 36 il ötür, bu gün nə qədər ürəyimiz ağrısa da, qəlbimiz göynəsə də yenə qürurluyuq, hər bir azərbaycanlı bu gün qalib xalqın qalib övladı kimi, müasir, müstəqil, suveren, qüdrətli Azərbaycanın qazandığı qələbələrə, uğurlara görə, regionda və dünyada söz sahibi olduğuna görə, sözünün imzası qədər dəyərli olmasına görə qürur hissi keçirir və fəxr edir. Əlbəttə ki, bütün bunlara görə biz Ulu Öndər Heydər Əliyevə, Möhtərəm Prezident İlham Əliyev cənablarına, müqəddəs şəhidlərə borcluyuq.
Bölməyə aid digər xəbərlər















