Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib

    Azərbaycanlı yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib. Eyni zamanda, tanınmış  alimimiz beynəlxaq qızıl ulduz medalı ilə təltif olunub.

     Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDAUA) məqsədi, Türk dünyasında və türkdilli xalqların yaşadığı ölkələrdə elm, dil, mədəniyyət, tarix və ədəbiyyat sahələrini öyrənmək, tədqiq etmək və yaymaqdır. Akademiyanın təsisçi ölkələri arasında Türkiyə Cümhuriyyəti, Azərbaycan Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti yer alır. Hazırda TDAUA-nın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çin kimi bir çox ölkələrdə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.

28 Yanvar 2026-cı ildə verilən qərara əsasən Natəvan Dəmirçioğlu   Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Professor”u,  seçilmiş və elm, təhsil, ədəbiyyat və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə   "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.

"Qızıl Ulduz" medalı, Türk dünyasında elm, mədəniyyət, tarix, ədəbiyyat və təhsil sahəsindəki ən yüksək mükafatlardan biri sayılır. Bu günə qədər bu mükafata layiq görülən şəxsiyyətlər arasında Azərbaycandan Arif Paşayev, Xoşbəxt Yusifzadə və Eldar Guliyev; Türkiyədən Süleyman Demirel, Bahaeddin Güney, İhsan Doğramacı və Namik Kemal Zeybek; Şimali Kipr Türk Cümhuriyyətindən (KKTC) Rauf Denktaş; Qazaxıstandan Oljas Süleymenov və Nursultan Nazarbayev; Qırğızıstandan isə Çingiz Aytmatov təltif olunmuşdur.

Kimdir Natəvan Dəmirçioğlu?  Natəvan Dəmirşioğlu haqqında qısa məlumat:

       Natəvan Dəmirçioğlu (Natəvan Dəmirçi qızı Mansurova – Atamoğlanova) 1 noyabr, 1963-cü ildə  Azərbaycanın Qazax rayonunun Daş Salahlı  kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan   Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə  Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. 1986-cı ildə  Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən- 1989-cu il aprel ayında Universitetdə çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. Universiteti bitirdikdən sonra -1989-cu ildən   Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində işə başlamışdır. Bu illər ərzində kiçik redaktor (1989-1991), redaktor (1991-1994), böyük redaktor (1994-1995), Cənubi Azərbaycan şöbəsinin müdiri (1995-2020), direktor müavini (2020-2022) kimi fəaliyyət göstərmişdir. 2023- cü ildən  hal-hazıra qədər Azərbaycan Beynəlxalq Radiosunda Proqramlar şöbəsinin rəisi vəzifəsində çalışır.  

      2002–2007-ci illərdə  Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. Doktoranturanı əla qiymətlərlə bitirərək, "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, 2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycanda, Rusiyada,  Ukraynada,  Türkiyədə,  Qazaxıstanda,  Uralda  elmi məqalələri nəşr olunmuşdur. 2006-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. Bakı Dövlət Universiteti, Avrasiya Universiteti və Odklar Yurdu Universitetlərində Jurnalistika fakültəsi bakalavr səviyyəsində “RTV jurnalistikasının əsasları”, “Radio jurnalistika”, “Jurnalistin nitq mədəniyyəti”, “Jurnalist sənətkarlığı və tələbənin praktik yaradıcılığı”, “İslami dəyərlərin RTV -də işıqlandırılması”, “Araşdırma jurnalistikası”, “Ədəbi redaktə”, “TV-də xəbər proqramları” fənnlərini tədris etmişdir. Hazırda BDU-nun Jurnalistika fakültəsi magistr səviyyəsində “Vizual media yaradıcılığı”, “Yeni Media və cəmiyyət”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik” fənlərindən mühazirə və məşğələlər aparır.  Bir sıra fənnlərin  tədris-metodiki planlarını tərtib etmiş,  “Vizual media yaradıcılığı”, “Yeni Media və cəmiyyət” fənlərinin  proqramlarını hazırlamışdır. Eyni zamanda  Vaqif Poeziya Günlərində iştirak etmiş və orada düzənlənən elmi konfransda “Azərbaycanda Vətən Müharibəsinə dünya mətbuatının reaksiyası və Vaqif fəlsəfəsinin müasirliyi”  mövzusunda çıxış etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə keçirdiyi “Mədəniyyətlər arası dialoqda ənənəvi incəsənətin rolu” adlı Beynəlxalq elmi konfransda “Mədəniyyətlərarası münasibətlərin inkişafında Beynəlxalq Radionun rolu“ mövzusunda elmi məruzə etmişdir. 

        2013 –cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yublyinə həsr  olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” Beynəlxalq elmi konfransda “Azərbaycançılıq konseptual ideya kimi“ adlı elmi məruzəsi dinlənilmiş, Beynəlxalq Konfransın  humanitar bölməsinin elmi katibi olmuşdur. Bundan əlavə Jurnalistikanın bir sıra mühüm nəzəri problemləri ilə bağlı yazıları qəzet və jurnalların müxtəlif saylarında dərc olunmuşdur. 

       Natəvan Dəmirçioğlu alim- publisist kimi Azərbaycan Beynəlxalq Radiosunun  Cənubi Azərbaycan redaksiyasında çox mühüm işlərə imza atmışdır. Son dərəcə ciddi, məsuliyyətli, yaradıcılıq qabiliyyəti və vətandaş yanğısı tələb edən bu fəaliyyət sahəsində 30 ildən artıqdır ki, çalışır. Bu illər ərzində Cüney Azərbaycandakı soydaşlarımızın vətənlə mənəvi əlaqəsinə, onların öz tarixi soyköklərinə bağlılığına, mədəniyyətləri ilə tanışlığına, folklorları, milli musiqiləri ilə   ünsiyyətlərinə çalışmış, onlara mənəvi dayaq olmuşdur. Cüneyə verilən  verilişlərilə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan və ümumtürk diasporunun təşkilatlanmasında, Azərbaycan və ümumtürk haqları uğrunda mübarizədə, aydınlarımızın dünyada tanıdılmasında yaxından iştirak etmişdir. Milli ideologiyamız olan azərbaycançılıq və türkçülük  ideyasını vətəndən kənarda yaşayan soydaşlarımızın şüuruna, milli düşüncəsinə aşılamaq üçün yorulmadan, davamlı olaraq çalışmışdır. “El folklor toplusu”, “Qayıdıram Araz boyu”, “Örnək”, “Yol odur ki, haqqa vara”, “Yurd arası çəpər olmaz” verlişlərinin yaradıcısı və müəllifi olaraq Azərbaycanın və Türk dünyasının diaspor siyasətinə bacardığı qədər kömək göstərmişdir. Hazırda bu fəaliyyətini dünyanın 12 dilində efirə çıxan Beynəlxalq Radiosunun proqram rəisi kimi yüksək səviyyədə davam etdirir. Eyni zamanda“Prioritet” , “Aktual müsahibə”,   “Gündəm” adlı siyasi, mühüm  rubrikaların aparıcısıdır.

    Son dövrlər siyasi-politoloji mövzularda ekspert kimi TV proqramlarında çıxışlar edir. Bir sıra  yazıları dövrü mətbuatda dərc olunur. “Böyük Qayıdışdan qaynaqlanan möhtəşəm yüksəliş”, ’’Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev’’, “Jurnalistika  məktəbinin məktəb  olan  insanları- Nəsir İmanquliyev”, “Milli birlik milli qurtuluşun özülüdür”, “Gerçək Lider”, “Milli şüurun yetkinləşməsində və ziyalı təbəqənin elitar sistemə keçməsində yeni dövr”, “Azərbaycançılıq konseptual ideya kimi”, “Azərbaycan Xalq Cümhuriyyətinin ibrət dərsləri”, “Uydurma erməni soyqırımı səngimək bilmir, tarix isə faktlara əsaslanır” və s. məqalələri ciddi maraq doğurmuşdur. 

        Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert Natəvan Dəmirçioğlunun bədii yarasdıcılıq sahəsində də yüksək imici var. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Natəvan Dəmirçioğlunun “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər.  1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə gənc yazıçılar sırasında Prezident təqaüdü  almışdır. 2010- cu ildə isə yaradıcılıq uğurlarıma görə Azərbaycan prezidenti cənab İlham Əliyevin imzası ilə birillik Prezident təqaüdünə layiq görülmüşdür. 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatını qazanmış,  2009- cu ildə “İlin qadın yazarı” elan olunmuşdur. Onun "Yetim" əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “2014-ün ən iyi əlli romanından biri” nominasiyasında  nəşr olunmuşdur. Yazıçı kimi müstəqillik illəri ədəbiyyatımızın öncül nasirlərindən biridir. Natəvan xanım üç povestin - "Səbət", "Yetim", "Üç nöqtə",  bir romanın-“Açar”, bir pyesin- “Həyat gözəldir”, onlarla hekayənin-"Bir ovuc torpaq", "Avey əfsanəsi", "Dözüm", "Kəlağayı" və s., yüzlərlə məqalənin  müəllifidir. Əsərləri dünyanın bir sıra dillərinə — ingilis, rus, ukrayna, fars, özbək, tatar dillərinə tərcümə olunmuş, türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. Natəvan xanımın imzası Ottava, Moskva, Ankara, İstanbul, Tehran, Ural, Daşkənd, Astana, Kazan və digər şəhərlərdə yayımlanmışdır. Azərbaycan ədəbi camiəsində nüfuzlu nasir kimi tanınır. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür. Azərbaycan Prezidenti cənab  İlham Əliyevin fərmanı ilə ”Tərəqqi” medalı ilə təltif edilmiş, dəfələrlə fəxri fərmanlarla və diplomlarla mükafatlandırılmışdır. 2025- ci ildə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Mahmud Kaşğari adına Beynəlxalq Fond və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının  birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun “Açar” romanının akademik müzakirəsinə həsr olunmuş “Zəfərimizin “Açar”ı mövzusunda elmi sessiya keçirilmişdir...


Biz də ATİA.AZ saytının kollektivi adından Natəvan xanıma yeni-yeni uğurlar arzu edirik.

 AYDIN ADIGÖZƏLLİ

ATİA.AZ saytının baş redaktoru


Tarix: Bu gün, 09:35 Oxunub: 141


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031