ŞƏHİDLƏR UNUDULMUR!!!

Allahverdiyev Turxan  Rəsul oğlu 1996-cı il 5 aprelin 5-də Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub.  2002-ci ildə Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbin 1-ci sinifə daxil olub, 2013-cü ildə həmin məktəbi bitirib.
Turxan 2014-cü il, aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) başa vurub,  2015-ci ilin oktyabr ayında tərxis olunub.  2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi fəaliyyətə başlayıb.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanıb. Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

 

Doğulduğu doğma İnəkboğan kəndində Allahverdiyev Turxan  Rəsul oğlunun xatirəsinə BULAQ inşa olunub.

      Vətən Müharibəsi Qazisi, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini özündə cəmləşdirən  istedadlı   aşıq  Azər Fərmayıloğlu Şəhid Allahverdiyev Turxan haqqında öz təəssüratlarını bizimlə bölüşərək belə deyir:


"Danışmaq mənim üçün çox ağırdır. Turxanın anası Könül xanım mənim sinif yoldaşım olub, 10 il bir sinifdə oxumuşuq. Mən əziz Könül bacımın övladının şəhid olma xəbərini eşidəndə çox pis oldum, sarsıldım. Bilmirəm Könül bacıma, onun həyat yoldaşı Rəsul Allahverdiyevə necə təsəlli verim. İlk növbədə Turxan kimi övlad böyüdüb, tərbiyə verdiklərinə görə onlara minnətdarlıq edərək, Allahdan səbr diləyirəm. Sonda sizə orta məktəbdə çəkilmiş bir foto təqdim edirəm. Bu fotoda mənimlə birlikdə sinif yoldaşlarım, dünyasını dəyişmiş Şahlar Əsgərova rəhmət diləyirəm, Namiq Tağıyev, İlqar Məmmədov, Səyad Məmmədov, Təranə Kazımova, Sevinc Allahverdiyeva, Xalidə Məmmədova,  Şəkibə Tağıyeva, Sitarə Əhmədova və   o cümlədən əziz bacım  Könül Tağıyevaya can sağlığı arzu edirəm.

Mən Turxanın şəhid olma xəbərindən çox üzüldüm və ürəyimin səsini qələm vasitəsilə ifadə etməyə çalışaraq bi şeir yazdım. Həmin şeiri "Azad Qələm" jurnalının rəhbəri Nəcibə İlkin öz jurnalında dərc etdi. İndi həmin şeiri ürək ağrısı ilə yenidən təqdim etmək istəyirəm"

 Elimin, yurdumun cəsur övladı,

Qəhrəman Gədəbəy şəhidi Turxan.

Cənnətməkan olsun o cənnət yerin,

Doğma vətəninin igidi Turxan.


Ali Baş Komandan verəndə fərman,

Döyüş meydanına atıldın o an.

Düşmən həmləsini eylədin  viran,

Şuşamız uğrunda şəhiddi Turxan.


Atası Rəsulun halı pərişan,

Anası Könülün ürəyi al-qan.

Vaxtsız aramızdan apardı hicran,

Cavankən bizləri tərk etdi Turxan.


Azər çox üzüldü acı xəbərdən,

Təngidi nəfəsi qəmdən, qəhərdən.

İndi ruhu şaddı Böyük Zəfərdən,

Zəfərlər içində zəfərdi Turxan.


Cəmi Şəhidlərimizə rəhmət diləyirik!!!


Tarix: 5-07-2025, 12:13 Oxunub: 880


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930