Bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək. İslam aləminin ən müqəddəs günlərindən sayılan Qurban bayramının əsas əməli qurban kəsərək ehtiyac sahiblərini sevindirməkdir. Qurban kəsəcək (kəsdirəcək) hər bir şəxsin bilməli olduğu məlumatları təqdim edir:
Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolnda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam olması daha yaxşıdır.
Qurbanlıq heyvan mütləq erkək olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvürlər yəqin ki, ilk növbədə Həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.
Şərikli halda qurban kəsmək olarmı?
Əhli-sünnə məzhəbinə görə, qoyun və keçini başqası ilə şərikli halda kəsmək olmaz və bu heyvanlar bir nəfərin tərəfindən qurban edilməlidir. Amma inək və dəvə qurbanında 7 nəfərə kimi adam şərik ola bilər. Şiə məzhəbinə görə, hər kəsin müstəqil surətdə qurban kəsməsi (kəsdirməsi) lazımdır. Yalnız həcc zamanı son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar. Lakin bu deyilənlər, Həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olanlar və Həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbb olduğu üçün, Qurban günü şərikli qurban kəsmək qadağan deyil. Tək qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, tək kəsmələri daha yaxşıdır. Bu halda Qurban tam kamil hesab olunacaq.
Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi?
Qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.
Qurbanı necə kəsmək lazımdır?
Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsən dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o birilərini kəsmək olmaz (dəvənin kəsilməsi bundan bir qədər fərqlidir). Qurbanlıq heyvanı müsəlman olan şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə «bismillah» və ya buna bənzər Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa). Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqlarını və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb, quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə kimi və ya sinəsinə kimi bağlayıb, arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin, heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır. Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin, zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edirsə, bu məkruhluq aradan qalxar).
Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?
Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır.
Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?
Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi.
Bölməyə aid digər xəbərlər