Qeyri-iş günlərində metropolitenin iş rejimi dəyişdiriləcək. 15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar ölkəmizdə elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək.
Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.
Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.
Bölməyə aid digər xəbərlər