Bu gün bir çox ölkələrlə olduğu kimi Misirlə Azərbaycan arasındakı əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Ölkələrimiz bütün beynəlxalq məsələlərdə bir - birini dəstəkləyir, necə deyərlər, fikrləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərir. Məhz Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş, məhz bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin 7 iyun tarixində Misir Ərəb Respublikasına etdiyi rəsmi səfər hec şübhəsiz ki, Misir-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Səfər zamanı iki ölkənin dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilmiş, mühüm dövlətlərarası sənədlər imzalanmışdır. Keçirilən görüşlərdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyinə dair razılıq əldə edildi. Həmçinin Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olundu.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları iyunun 8-də Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat zamanı onu da qeyd etdi ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
Dövlətimizin başçısı bildirdi ki,Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır, o da diqqətə çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
İkitərəfli münasibətlərə də toxunan ölkə rəhbərimiz vurğuladı ki, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq. Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Misir əlaqələri yüksələn xətlə inkişaf edir və əməkdaşlıq üçün imkanlar günbəgün genişlənir.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Bölməyə aid digər xəbərlər