Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, eyni zamanda regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi çoxsaylı enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları bölgədə sabitliyin və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Həmçinin Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Qeyd etmək lazımdır ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atır.Bu gün Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq bütün sahələr üzrə ən yüksək səviyyədədir.
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində cıxışı zamanı Prezident cənab İlham Əliyev bir sira mühüm məqamlara toxunaraq demişdir:
“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”
Möhtərəm Prezidentimiz təbii qaz ixracının artdığını diqqətə çəkərək bildirmişdir ki, bu göstərici ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır və bu artmaqda davam edəcəkdir. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları reallaşacaqdır. Azərbaycanın enerji potensialı quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial vardır. Ona görə Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır.
“Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya toxunan Dövlət Başçımız qeyd etmişdir ki, bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaqdır ki, bu da tamamilə icra olunandır. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır.
Bu gün Azərbaycanda çox müsbət investisiya mühiti vardır. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişdir. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Bu sahədə ölkəmizin böyük planları vardır və iannırıq ki, bu işlərin öhdəsindən layiqincə gələcəyik.
Ölkəmizin mövcud reallıqları və malik olduğu enerji potensialları böyük əminlik yaradır ki, yaxın gələcəkdə Azərbaycan bu sahədə nəzərdə tutulan bütün hədəflərinə çatacaqdır.
Aydın Vəliyev
YAP Qazax rayon təşkilatının veteranı
Bölməyə aid digər xəbərlər