Bütün beynəlxalq aləm şahiddir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin milli maraqlarına xidmət edən, ədalətli, beynəlxalq hüquqa söykənən uğurlu daxili və xarici siyasət yürüdür. Dünyada iqtisadi və siyasi böhranın tüğyan etdiyi, müharibələrin aparıldığı qarışıq bir zamanda Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin qarantına çevrilmişdir. Qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməklə, müstəqil siyasət yürütməklə dünyada böyük nüfuz qazanmışdır. Azərbaycanın uğurlu xarici siyasətini BMT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər nüfuzlu təşkilatlar da dəstəkləyirlər. Ölkə başçımız xarici ölkələrə işgüzar səfərləri zamanı mövcud Azərbaycan reallıqlarını geniş təbliğ edərək əsaslı dəlillərlə, konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Oktyabr ayının 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Prezidentimizin iştirakı da ölkəmizin dünyada artan nüfuzunun, onun çevik xarici siyasət həyata keçirməsinin bariz göstəricisidir. Dövlət Başçımızın Astana səfəri ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan oldu. Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edərək bir sıra mühüm məsələlərə toxundu. Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.Ölkə başçısı çıxışında qeyd etdi ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.Erməni vandalizminə diqqət çəkən dövlətimizin başçısı vurğuladı ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı hələ də itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş kəndlərdə kütləvi məzarlıqlar aşkar olunur. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etmir.
Prezident İlham Əliyev ölkəmizin hələ də təhlükə ilə üz-üzə qalmasından –mina təhlükəsindən də ətraflı danışıb. Bildirib ki, ilkin hesablamalara görə, Ermənistan tərəfindən işğal zamanı bir milyondan çox mina basdırılıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya da ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Prezident İlham Əliyev burada bir daha bəyan edib ki, Azərbaycan həmişə ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə məruz qalmasına, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.Dövlətimizin başçısı Azərbaycanın haqlı mövqeyini, əldə etdiyi nailiyyətləri, regiona verdiyi töhfələri faktlarla şərh edərək, Ermənistanın yalanlarını bir daha ifşa etdi. Həmçinin qeyd etdi ki, minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb.
Artıq doğma Qarabağımız bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Zaman Azərbaycanın xeyrinə işləyir və dünyada ölkəmizə dost olan ölkələrin sayı artır. Dünya ölkələri görür ki, müstəqil Azərbaycan dövləti ədalətli siyasət həyata keçirir. Əminik ki, tezliklə mövcud problemlər arxada qalacaq və respublikamız hərtərəfli inkişaf edəcək, daha da güclü bir dövlətə çevriləcəkdir.
Nizami Zeynalov
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər