Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli telekanallara geniş və dolğun müsahibəsində mühüm mesajlar səsləndirmiş, mövcud vəziyyəti ətraflı dəyərləndirmişdir. Bu mesajlarda Azərbaycanın inkişaf istiqamətləri, regional proseslər, perspektivdə olan yeni layihələr, dünyadakı ikili standartlar, Ermənistanla münasibətlər və sair mövzulara dair fikir və mülahizələr ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Prezident İlham Əliyev Azərbaycanın postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurları əsas götürərək qeyd etmişdir ki, 2023-cü ilin ölkəmiz üçün uğurlu bir il olması üçün hamımız fəal çalışmalıyıq. İkinci Qarabağ müharibəsindən sonra Şanlı Hərbi Qələbəmizi siyasi müstəvidə təsdiqlədik və dünya ictimaiyyətinə qəbul etdirdik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində Azərbaycan istədiyinə nail olmuşdur.
Artıq Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində isə həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyada Azərbaycan siyasətinə olan rəğbət daha da artıb. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, Azərbaycan bu Qələbəni nəyin bahasına əldə etdi, hansı risklərə getdi, hansı qüvvələrlə mübarizə apardı. Müharibə bitsə də, mübarizə hələ davam edir və ölkəmiz yenə də qalib gələcəkdir. Çünki Azərbaycan haqq yolundadır.
Jurnalistlərin müxtəlif yönümdə olan suallarını cavablandıran cənab Prezident qeyd etdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. İndi bəzi Qərb mətbuatında ölkəmizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara geniş və dolğun müsahibəsini nikbin ruhda yekunlaşdırmışdır. Qeyd etmişdir ki, dünyada mümkün olmayan bir şey yoxdur və bizim keçmişimiz, hədəfə doğru getdiyimiz sürət və nəticələr bunu deməyə əsas verir ki, 2023-cü ildə Azərbaycanı çox yaxşı anlar gözləyir. Bu gün mövcud olan Azərbaycan reallıqları bütün bunlara bir daha real zəmin yaradır.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Bölməyə aid digər xəbərlər