“Azərbaycanla əzəli və əbədi qardaşlığımızı çəkə bilməyənlərin inadına can qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə birgə keçirdiyi növbəti iclasından sonrakı çıxışında səsləndirib.
Türkiyə Prezidenti Azərbaycanın rəşadətlə əldə etdiyi zəfərdən narahat olan bəzi region dövlətlərini 30 illik bir zülmün başa çatmasının sevincini yaşayan xalqla bu sevinci bölüşməyə dəvət edib.
R.T.Ərdoğan deyib ki, Türkiyə dost ölkələrlə əməkdaşlığını genişləndirdikcə bəzi hallarda haqsız hücumlara məruz qalır: “Dostlarımıza hüzurlu bir gələcək qurmaq üçün dəstək göstərərkən, təəssüf ki, haqsız ittihamlara məruz qalırıq. Biz nə qonşuları ilə, nə də hər hansı bir dövlətlə gərginlik yaşanmasını əsla istəyən bir ölkə deyilik. Öz ölkəmizlə birlikdə bütün bölgəmizin və dünyamızın rifahının tərəfindəyik. Amma bu durum ölkə və millət olaraq haqqımızın, hüququmuzun, suverenliyimizin pozulması anlamına gəlməməlidir. Kimsənin haqqına toxunmadığımız kimi, kimsənin də bizim haqqımıza toxunmasına yol vermədik, verməyəcəyik. Bu çərçivədə Liviyadan Şərqi Aralıq dənizinə Suriyadan Qafqazadək çoxşaxəli fəaliyyətlərimiz var. Bu çalışmalarımız öz mənafeyimizlə yanaşı, bizdən dəstək gözləyən dostlarımızla da davam edir. Harada bir haqsızlıq, hüquqsuzluq varsa, ədalətin təsisi üçün cəhdlər edirik. Necə bir əsr öncə qurtuluş savaşımızda hüququ pozulanlara da ilham mənbəyi olubsa, bu, yenə də davam edir. Ay-ulduzlu al bayrağımız Qəzzadan Arakana, Balkanlardan Qarabağadək dünyanın dörd-bir tərəfində dalğalanır. Dağlıq Qarabağda yaşananlar ölkəmizin bu qərarlı müqavimətinin nə qədər önəmli olduğunu göstərib”.
Bölməyə aid digər xəbərlər