21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Münasibətlərimizin inkişafında yeni mərhələ - Anar Nəbiyev

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulması və  yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu baxımdan, Azərbaycan-Rusiya  münasibətlərinin dünəni, bu günü və qarşıdakı dövrlə bağlı müəyyənləşdirilən hədəflər daim  diqqət mərkəzindədir. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə ikigünlük dövlət səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Səfər çərçivəsində Prezidentlərin keçirilən məhdud və geniş tərkibdə  görüşlərində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. Regional təhlükəsizlik əsas müzakirə olunan məsələlər sırasında oldu. 

Dövlət başçısı İlham Əliyevin “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” fikirlərinin davamı olaraq Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik.  Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

İki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Bunu ayrı-ayrı sahələrin inkişafını təmin etmək üçün imzalanan və əməkdaşlıqda hüquqi baza rolunu oynayan sənədlər də təsdiqləyir. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edildi. Cənab İlham Əliyev bildirdi ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il  4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.

Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Səfər çərçivəsində diqqət göstərilən məsələlərdən biri də Azərbaycanın bu ilin noyabrında ev sahibliyi edəcəyi COP29 oldu. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyi Rusiya tərəfindən dəstəklənib. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.


Azərbaycan-Rusiya münasibətlərinin qısa təhlili onu söyləməyə əsas verir ki,  iki ölkəni mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.  Rusiya Prezidenti bildirdi ki, qonaqpərvər Azərbaycan torpağında olmaq, Prezident İlham Əliyevin  rəhbərliyi ilə  inkişaf edən Bakının mənzərələrini seyr etmək  çox xoşdur. Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir: “Keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik. Bu gün aparılan danışıqlar zamanı biz qarşılıqlı fəaliyyətimizə dair məsələlərin ən geniş spektrini ətraflı, işgüzar şəraitdə müzakirə etdik. Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların həllinə kömək edəcək.” Bu əminlik də ifadə edildi ki,  səfər  münasibətlərimizin inkişafına yeni təkan verəcək.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
 


Tarix: 22-08-2024, 13:41 Oxunub: 126


Bölməyə aid digər xəbərlər