21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
"Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq" - Anar Nəbiyev

     Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. Prezidentlərin qarşılıqlı səfərlərinin  intensivliyi bunu bir daha təsdiqləyir. Tacikistan Prezidenti Emoməli Rəhmon bu günlərdə ölkəmizdə dövlət səfərində oldu.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb. Tacikistan Prezidentinin mayın 23-də ölkəmizə reallaşdırdığı səfər çərçivəsində isə Strateji Tərəfdaşlıq Bəyannaməsi də daxil olmaqla 14 sənəd imzalandı. Hər bir sənəd münasibətlərin inkişafında yeni bir istiqamət, eyni zamanda, mövcud əlaqələrin daha da möhkəmlənməsi deməkdir.
     O da məlumdur ki, hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıblar.  Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Hər iki ölkədə Mədəniyyət Günlərinin keçirilməsi də bunun təsdiqidir.
     Prezidentlər mətbuata bəyanatlarında bu məqamlara xüsusi diqqət yönəltdilər. “Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir” söyləyən cənab İlham Əliyev vurğuladı ki, qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.
    Əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə  alsaq qeyd edə bilərik ki, hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bu ilin ilk dörd ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 78 faiz artıb.  Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.
     Prezident Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri ərəfəsində - mayın 20-də Bakıda Azərbaycan-Tacikistan İnvestisiya Forumu keçirildi. Forumda Azərbaycanın və Tacikistanın investisiya potensialı, icra olunan layihələr haqqında təqdimatlar nümayiş etdirilib, müxtəlif iqtisadi subyektlər arasında yeni əməkdaşlıqlar müzakirə olunub. Biznes-forum çərçivəsində şirkətlər arasında ticarət, dağ-mədən və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair 8 sənəd imzalanıb. Qeyd edək ki, 2008-ci ildə  Azərbaycan  ilə Tacikistan  arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın altı iclası keçirilib.   
     Beşinci iclas 2022-ci ildə  Düşənbədə, sonuncu iclas isə ötən il  Bakıda baş tutub. 
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki,  bu gün  sənaye kooperasiyası ilə bağlı məsələləri də ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub.  Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlər ətraflı nəzərdən keçirildi. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
     Göründüyü kimi, əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Dostluğa, qarşılıqlı etimada əsaslanan münasibətlərimiz  yüksək inkişaf mərhələsini yaşayır. Qeyd etdiyimiz kimi, xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir. İki ölkə arasında imzalanan çoxsaylı sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətlə inkişaf edir.
     Əlaqələrin inkişafına yeni imkanlar yaranır. Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına yol  açacaq. Dövlət başçısı İlham Əliyevin “İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər” fikirləri də bunun təsdiqidir.
     Cənab İlham Əliyev, həmçinin 23 may tarixində dərc olunan 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun  Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına  müsahibəsində də əsas diqqəti COP29-a yönəldərək bildirmişdir ki, Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaq.

 
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 29-05-2024, 09:51 Oxunub: 174


Bölməyə aid digər xəbərlər