11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Professional yaltaqlıq nümunəsi...

                    Akif Cabbarlı

Yaşıltəpə Ərazi İdarəsinin bütün əməkdaşları hər səhər adəti üzrə rəis Barxudar İmanquliyevi binanın giriş qapısında qarşılayır, hal-əhval tutur, sonra da sıravi əsgərlər komandiri necə müşayiət edib kazarmaya ötürürlərsə, bax o cür kabinetinə kimi mətin addımlarla yola salırlar. Rəis də özündən razı halda köməkçisinin taybatay açdığı qapıdan şeşələnə-şeşələnə içəri keçib boyundan xeyli hündür kreslosuna yayxanır.

Günlərin birində yenə iş başlayar-başlamaz binanın arxa girişində rəisi qarşılayanlardan biri – yəni ki, lap birincisi, birinci müavin rəhbərin salamını cavablandırmadı. Bu da ki, təbii olaraq rəisin diqqətindən yayınmadı. O, hirsli-hikkəli baxışlarla müavinini süzüb acıqlı halda soruşdu:

-Nə olub, Qulam müəllim, salamımı niyə almırsan? Bəlkə qulağına ayrı söhbət-zad çatıb? Yadında saxla ki, mən bu rayondan gedəsi olsam, mənim əmrimdən azı bir saat qabaq səninki oxunacaq. Tak çto, işini bil...

Birinci müavin olduqca küskün halda dilləndi:

-Cənab rəis, incimişəm sizdən. Ürəyinizə də başqa şey gəlməsin.

-Nə olub ki, nə pisliyim keçib sənə? Ümumiyyətlə, bax bu işçilərin hansına kəm baxmışam, çörəyini kəsmişəm? Deyin də, mən də bilim. Mən bu rayona gələndən adam kimi gün görürsünüz, yağ-bal içində yaşayırsınız.

-Yox ee, cənab rəis, vallah, özüm də utanıram səbəbini deməyə.

-Yenə də olsun, hər halda salamımı almamağının səbəbini bilməliyəm axı.

-Cənab rəis, düzünü desəm, sizdən ona görə incimişəm ki...

Birinci müavin yenə fikrini axıra çatdırmadı. Ərazi İdarəsinin əməkdaşları hamılıqla bu dialoqun hansı sonluqla bitəcəyini səbirsizliklə gözləyirdi. Rəis də maraqla müavininin nə cür izahat verəcəyinin intizarındaydı.

Nəhayət, Qulam müəllim boğazını arıtlayıb yazıq bir görkəm alaraq bu cür söylədi:

-Cənab rəis, neçə gündür fikir verirəm, Allah gözümü töksün yalan deyirəmsə, nədənsə gözümə yaman sınıx görünürsünüz ey. Nə isə səbəbini soruşmağa da cürət eləmirəm, heç özünüzə baxmırsınız ey... Bax, Sizdən inciməyimin də səbəbi bununla bağlıdır. Elə eləməyin də, noolar... Axı, biz hamımız Sizinlə nəfəs alırıq.


Akif Cabbarlı


Tarix: 3-02-2021, 12:27 Oxunub: 229


Bölməyə aid digər xəbərlər