Ali Məhkəmədə Bakıda iki milyon manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Şəfəq İsmiyeva “Instagram”da səhifə açaraq özünü “Maya” adlı falçı kimi təqdim edərək iki il ərzində zərərçəkmiş Sənan Ağarzayevdən 1 milyon 998 min manat pul alıb. Sonradan dəymiş ziyanın yalnız 293 min manatı geri qaytarılıb. Şəfəq İsmiyeva cinayəti qeyri-rəsmi birlikdə yaşadığı Ceyhun Zeynallı ilə törədib. O, məbləğin böyük hissəsi Ceyhun Zeynallıya verilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ceyhun Zeynallı cinayətdə özünü təqsirli bilməyib, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyib.
Xatırlatma: Sənan Ağarzayev Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın həyat yoldaşıdır. Məhkəmədə dindirilən zaman Şəfəq İsmiyeva bildirib ki, Rəna Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə isə elan edilib ki, təqsirləndirilən şəxslərdən biri kassasiya şikayətini geri götürüb. Bu səbəbdən məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
Bölməyə aid digər xəbərlər