Tədris ilinin başlamasına sayılı günlər qalır. Bakıda təhsil alan tələbələr kirayə evlər axtarışındadırlar. Hər fürsətdə dələduzluq edən bəzi insanlar bu vəziyyətdən yaralanmağa çalışırlar. Kirayə ev axtarışınına ehtiyac olduğu zaman çərçivəsində kirayə mənzil dələduzları artmaqdadır.
Belə insanların əlinə düşməmək, aldanmamaq üçün nələrə diqqət yetirilməlidir?
Daxili İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, virtual dələduzlar yeni tədris ilinin başlaması ilə əlaqədar saxta vədlərlə bölgələrdən geri dönən, tələbə adı qazanan gəncləri və valideynlərini hədəf seçə, onların maddi vəsaitini mənimsəyə bilərlər: "Ssenari demək olar ki, eynidir. Siz elan saytında kirayə verildiyi yazılan evi seçirsiniz və əlaqə saxlayaraq bəyəndiyinizi bildirirsiniz. Elan sahibi, yəni dələduz sizdən beh və ya bütöv kirayə haqqı istəyir. İnandırmaq üçün hətta sizə şəxsiyyət vəsiqəsi də göndərir. Əslində isə elandakı evin görüntüləri də, məlumatlar da saxtadır, şəxsiyyət vəsiqəsi isə sizdən əvvəlki qurbanlardan birinə məxsusdur. Bu səbəbdən, evi görməmiş, mənzili kirayə verəni tanımamış pulu onlayn yolla ödəmək tövsiyə olunmur. Ehtiyatlı olmaqda fayda var!”.
Əmlak esperti Ramil Osmanlının sözlərinə əsasən, belə dələduzluqla məşğul olan insanlar hər zaman olub və bu gün də var: "Azərbaycanda bu sahəni tənzimləyən qanunvericilik aktı qəbul olunmayıb, bu sahəyə ciddi nəzarət yoxdur. Hesab edirəm ki, sırf istehlakçı tərəfindən onların qarşısının alınması mümkün olmayacaq. Tam şəkildə bu problem dövlət tərəfindən tənzimlənməli və nəzarətə götürülməlidir. Sözsüz ki, müxtəlif aidiyyatı qurumlar formasında dövlət məsələ ilə məşğul olur, lakin bu problemin tam şəkildə həlli demək deyil. Maarifləndirmə və məlumatlandırma prosesi ilə məsələni qismən tənzimləmək də mümkündür. İnformaiyadan xəbərsiz olanlar, maarifləndirmə kompaniyasına əhəmiyyət verməyənlər, təəssüf ki, bu subyektin təsir dairəsinə daxil olur, qurbana çevrilir",- deyə o qeyd edib.
Ekspert deyib ki, bazarın istər mənzil alqı-satqısı, istərsə də kirayə məsələsinə dair qanunlarla tənzimlənməsinə ehtiyac var: "Bununla bağlı ciddi işlər görülməlidir, problemin qarşısı alınmalıdır".
Bölməyə aid digər xəbərlər