İyirmi il bundan əvvəl 2003-cü ilin dekabrında ABŞ-ın Klivlend klinikasından gələn acı xəbər Azərbaycan xalqı üçün sarsıdıcı oldu. Ümummilli Lider Heydər Əliyevin vəfatı onun doğmaları, yaxınları ilə bərabər canından artıq sevdiyi xalqını da dərindən kədərləndirdi. Müdrik Azərbaycan xalqı Böyük oğlunu, müstəqil Azərbaycanın qurucusunu, memarını, Böyük xilaskarını, Dahi Rəhbərini, Ümummilli Liderini, dünyaşöhrətli siyasətçisini itirdi.
Hələ Ulu Öndər 14 iyul 2001-ci ildə xarici ölkələrin media rəhbərləri ilə görüşü zamanı demişdir: “Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur - mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən Vətənimə - doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtilə tikdiyim həmin bu binada işləyirəm. İnsanların taleyi müxtəlifdir. Kimsə öz taleyindən razı olur, kimsə narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünki qısa ömür, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisələrlə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da mətinləşir və bu mənada mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirəm ki, bundan sonra daha yaxşı olacaqdır.”
Qeyd etmək lazımdır ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü mövcud reallıqların bünövrəsidir. Müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin günü - gündən inkişaf etməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsindən məhz Ulu Öndərin hakimiyyətə gəlişi xilas etdi. Ümummilli Liderin ən böyük xidmətlərindən biri bundan ibarət oldu ki, Azərbaycanda qanlı müharibəni dayandırdı, 1994-cü ildə atəşkəs elan olundu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan dinc inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə bütün məsələlərlə bağlı öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri hələ də öz həllini gözləyirdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan bu problemlərlə ciddi məşğul olurdu. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanıdılması, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrinə əməl olunması, qaçqınların sosial problemlərinin həlli və s. istiqamətlərdə davamlı siyasət həyata keçirən Ümummilli Lider bunu özünün bir nömrəli problemi adlandırırdı.
Qaçqın və məcburi köçkünlərin sosial problemləri Heydər Əliyevi daim narahat edirdi. Ulu Öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Dahi Rəhbər Heydər Əliyevin hakimiyyəti illərində qaçqın və məcburi köçkünlər beynəlxalq humanitar yardım alır, onların məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilirdi.
Çıxışlarının birində Ulu Öndər demişdir: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Göründüyü kimi, bu Dahi Şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.
Bu gün Ümummilli Lider Heydər Əliyevin ilahi arzuları, planları Möhtərəm Ptrezidetimiz İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçir. Bu günkü müstəqil, hüquqi, demokratik, dünyəvi, işğalsız ərazi bütövlüyü tam təmin edilmiş, suverenliyi bərpa olunmuş, güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik olan Azərbaycan elə Ulu Öndərimizin görmək istədiyi Azərbaycandir. Elə gün olmaz ki, Möhtərəm Ptrezidetimizin rəhbərliyi, qətiyyəti, uğurlu siyasəti nəticəsidə ölkəmiz yeni bir uğura nailiyyətə, qələbəyə imza atmasın.
Günbəgün Azərbaycanı tərəqqiyə, inkişafa aparan Heydər Əliyev irsi indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsidir. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman ehtiram və minnətdarlıqla yad edir. Bu gün Ulu Öndərimizin də, şəhidlərimizin də ruhu şaddır. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Allah Ulu Öndərimizə rəhmət eləsin!
Çingiz Hüseynov
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər