11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
" Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı" - Babək Vələdov

     Zamanın hökmünü nəzərə alaraq öz taleyini canından əziz sevdiyi doğma xalqına həsr edən, çətin dövrdə xalqın iradəsini yerinə yetirən Ulu Öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıtdı və  iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşdü. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin, Azərbaycan Respublikasının Ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.          Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi.
Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. 
     Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxan Ulu Öndər   SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: “Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir... bütün bunlar “humanist ideologiyalı” Sovet dövləti üçün adi haldır.” 
1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev çıxışında tarixi təşəbbüs irəli sürərək Azərbaycanın müstəqilliyinin elan olunmasını təklif etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi. Təəssüflər olsun ki, dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Həmin dövrdə hakimiyyətdə olanlar yeni yaranan müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə ölkəni dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.Ulu Öndər   Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. 
    Bəli, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var.  Hər birimiz yaxşı dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Müdrik xalqımız Ümummilli Liderimizi özünün tarixində və qəlbində əbədi yaşadır və yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün hər yerdə qoşa çəkiləcəkdir. İndi   xalqımız  Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  öz tarixinin yeni, şanlı səhifələrini yazır, günbəgün daha yüksək zirvələr fəth edir.

Babək Vələdov 
YAP Qazax rayon təşkilatının məsləhətçisi 


Tarix: 31-08-2023, 11:08 Oxunub: 281


Bölməyə aid digər xəbərlər