Yanvarın 29-u saat 01:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Həsənovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər