Sentyabrın 10-da Fransanın Lion şəhərində 47-ci Beynəlxalq WorldSkills yarışlarının rəsmi açılış mərasimi baş tutub. Bu barədə Peşə Təhsili Üzrə Dövlət Agentliyi məlumat yayıb.
10-15 sentyabr tarixlərində 70 ölkədən 1400 iştirakçı 65 fərqli ixtisas üzrə yarışacaq. Ölkəmiz bu yarışlarda 6 bacarıq üzrə (qaynaq, aşpazlıq, veb-texnologiyalar, 3D rəqəmsal oyun, kiber-təhlükəsizlik və saç ustası) təmsil olunur. Komandamız 2023-cü ildə keçirilmiş “Skills Azərbaycan 2023” milli yarışlarının qaliblərindən təşkil olunub.
Yarışlar çərçivəsində keçirilən “WorldSkills İnternational” təşkilatının Baş Assambleyası və WorldSkills Beynəlxalq Konfransında ölkəmizi təşkilatda rəsmi nümayəndə qismində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov təmsil edir. Beynəlxalq WorldSkills yarışları hər iki ildən bir təşkil edilməklə peşə təhsili sahəsində dünyanın ən böyük və nüfuzlu tədbiridir.
“WorldSkills International” təşkilatı gənclərin peşə təhsilinə marağının artırılması və maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. Yarışlarla eyni həftədə keçirilən WorldSkills Beynəlxalq Konfransı sənaye, təhsil və hökümət nümayəndələrini bir araya gətirərək peşə və bacarıqların inkişaf etdirilməsi istiqamətində qlobal gündəliyi formalaşdırır, habelə təşkilat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək üçün də imkanlar yaradır. Azərbaycan Respublikası “WorldSkills International” təşkilatına 2020-ci ildə 85-ci üzv olaraq qoşulub.
2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi peşələr üzrə texniki bacarıq və səriştələrin inkişafına dəstək, bacarıq olimpiyadalarının təşkili, peşə təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, şagirdlərin peşəyönümü üzrə təbliğatının genişləndirilməsi və koordinasiyası üçün milli platforma kimi fəaliyyətə başlayıb.
Yarışlar çərçivəsində dünyada peşə təhsili sahəsinin inkişafı istiqamətində fəaliyyət göstərən beynəlxalq şirkət və tərəfdaşlar da daxil olmaqla bir sıra görüşlərin keçirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi və müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.
2026 və 2028-ci illərdə yarışlar müvafiq olaraq Çinin Şanxay və Yaponiyanın Aiçi şəhərlərində təşkil ediləcək.
Bölməyə aid digər xəbərlər