“Sürücülərin şəxsi avtomobillərində quraşdırdıqları videokameralar vasitəsilə qeydə alınan görüntülər məhkəmədə sübut kimi qəbul edilə bilər”.
Bunu Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Vidadi Cəfərov deyib.
O bildirib ki, bununla bağlı hər hansı istisna yoxdur.
“Sürücülər yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində həmin görüntüləri sübut kimi məhkəməyə təqdim edə bilərlər. Həmin görüntülər mütləq qaydada ekspertizaya göndəriləcək. Ekspertlər bu görüntülərin həqiqi olub-olmadığını, görüntülərə müdaxilə edilib-edilmədiyini müəyyən etməlidir. Əgər həmin görüntülər, doğrudan da, hadisə ilə bağlı həqiqəti əks etdirirsə, biz təbii ki, onu sübut kimi qəbul edəcəyik. Hətta, mən deyərdim ki, bu, bəzən məhkəmənin işinə çox böyük kömək edir. Çünki bizim məqsədimiz obyektiv gerçəkliyi müəyyən etmək, düzgün, ədalətli qərar verməkdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən bütün mötəbər sübutları qəbul edirik”, - deyə hakim qeyd edib.
Bölməyə aid digər xəbərlər