11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Artıq Laçına həyat qayıdıb " - Sevda Həsənova

      Bu il iyulun 31-də Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamın imzalanması mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən hər il 26 avqust – Laçın şəhəri günü, 4 oktyabr – Cəbrayıl şəhəri günü, 17 oktyabr – Füzuli şəhəri günü, 20 oktyabr – Zəngilan şəhəri günü, 25 oktyabr – Qubadlı şəhəri günü, 8 noyabr – Şuşa şəhəri günü, 20 noyabr – Ağdam şəhəri günü, 25 noyabr – Kəlbəcər şəhəri günü kimi ölkəmizdə təntənəli şəkildə qeyd olunacaqdır. Əlbəttə ki, bu Sərəncamın tarixi, mənəvi və rəmzi mənası müstəsna əhəmiyyət kəsb edir. Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə bu şəhərlərin Ermənistan tərəfindən işğal olunması günlərini böyük ürək ağrısı ilə qeyd edirdi. Bundan sonra isə hər il həmin şəhərlərin işğaldan azad olunma günlərini böyük ruh yüksəkliyi ilə, təntənəli şəkildə qeyd edəcəyik. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, artıq “Böyük Qayıdış” uğurla və surətlə həyata keçirilir.
Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” münasibətilə bayram tədbirində iştirak etmişlər. Dövlət başçımızın buradakı çıxışı da çox yaddaqalan oldu. Laçın rayonunun işğaldan azad olunması tarixindən söz açan ölkə Prezidenti İlham Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Dövlətimizin başçısı vurğuladı ki, laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar mayın 28-dən etibarən artıq buradadırlar. Artıq 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.
Tarixi həqiqətlərdən danışan ölkə rəhbəri bildirdi ki, Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi - nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Ölkə başçısının söylədiyi kimi, biz bu gün öz doğma torpağımızda qürurla yaşayırıq. Bu gün biz həm Şuşada, həm Laçında toy - bayram edirik, həm də sakinlər qayıdıb, həyat qayıdıb. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Rayonun yol - nəqliyyat infrastrukturu da yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Təməli 2021-ci ildə qoyulan 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi                5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Təqdirəlayiq haldır ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən               258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcəkdir.
İki günlük tarixi səfər “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq, Kəlbəcər - Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanışlıq, Mehmanxana kompleksinin təməlqoyma mərasimi, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı, Laçının Zabux kəndində görülmüş işlərlə tanışlıq və sakinlərlə görüş, Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirakla yadda qaldı. Bütün bunlar bir daha onu sübut edir ki, bəli, artıq doğma Laçınımıza həyat qayıdıb.
 
Sevda Həsənova
YAP Qazax rayon təşkilatı ərazi pariya təşkilatının sədri


Tarix: 1-09-2023, 16:27 Oxunub: 650


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı