11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Anar Nəbiyev: Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirləri ötən il Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə rayon  ictimaiyyətinin  nümayəndələri ilə görüşündə bildirdi. Ölkə Prezidenti bu fikirlərini də qubadlılarla paylaşdı ki, bu tarixi günü birlikdə qeyd etmək üçün sizləri dəvət etdim.  Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər Günü, Qubadlının azad olunması günüdür. 
27 ildən sonra  işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. İkinci Qarabağ müharibəsi   gücümüzü,  milli ruhumuzu göstərdi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunaladan bəyan etdi ki, heç vaxt işğalla barışmayacağıq. Əgər qubadlılılar digər keçmiş qaçqın və köçkünlərimiz kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə toplaşırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi.  25 oktyabr Qubadlı rayonunun işğaldan azad edildiyi gün olaraq  tariximizin parlaq səhifələrindən biri kimi vərəqlənəcək. 
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın, Xocavənd  şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qeyd etdiklərimiz fonunda Qubadlı rayonunun  azad edilməsinin şanlı  Qələbəmizi yaxınlaşdırdığını böyük sevinc və qürur hissi ilə qeyd edirik. 
   Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Dünya bu cinayəti gördü və 30 ilə yaxın dövrdə susmaqla Ermənistana dəstək olduğunu təsdiqlədi.
   Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə  tarixi Zəfərimizə imza atdı, dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən anlayışlar var, onların tətbiqi üçün ikili siyasətə son qoyub vahid icra mexanizmi müəyyənləşdirilməlidir. Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. Azərbaycan Ordusu 30 ildə əksər dünya güclərinin edə bilmədiklərini etdi, BMT qətnamələrinin icrasını  təkbaşına həyata keçirdi. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular.Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.  İlk növbədə, yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Ümumilikdə 44 günlük İkinci Qarabağ müharibəsində Qubadlı şəhəri daxil olmaqla  rayonun 41 kəndi azad olundu.
 Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfər edir, görülən işlərlə yaxından tanış olur, bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edirlər. Ölkə Prezidentinin bu torpaqlara ilk səfəri qalibiyyətimizin rəmzi olan Azərbaycan Bayrağının ucaldılması ilə yadda qalır. Müzəffər Ali Baş Komandan İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlı rayonuna sayca 3-cü səfəri zamanı şəhərin Baş planı, rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri  ilə tanış oldular. İşğal və Zəfər muzeyləri kompleksinin, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Baş planda Qubadlının təbiəti və tarixi keçmişi   nəzərə alınıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Qubadlı yenidən qurulur və tezliklə sakinlərinə qovuşacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 22-10-2022, 11:41 Oxunub: 495


Bölməyə aid digər xəbərlər