Artıq iki ildir ki, torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi qeyd edirik. Xalqımız hər zaman bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdardır. 30 illik işğala 44 gündə son qoyan Azərbaycan əsgəri dünya hərb tarixinə yeni səhifə yazdı. 44 günün hər gününü bir şəhərin, kəndin, yaşayış məntəqəsinin, strateji yüksəkliyin azad edilməsi müjdəsi ilə yaşadıq. Xalqımız hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əlyevdən Qələbə xəbərini gözlədi. Cənab İlham Əliyevin həmin dövrdə xalqa müraciətlərinə diqqət yetirdikdə qələbə müjdələrini görürük.
4 oktyabr 2020-ci il tarixdə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində daha bir qələbə xəbərini verdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad edildi. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltmasının tarixi və siyasi əhəmiyyəti vardır. Azərbaycan bir daha mənfur düşmənə və ona 30 ilə yaxın müddətdə dəstək olan bəzi dünya güclərinə çatdırdı ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, bu ərazimiz azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
İşğalçı dövlət bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası sərsəm bəyanatları ilə Ordumuz haqqında yaratdıqları fikirlərin yanlışlığının şahidi oldular. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Onda Ermənistan və onun havadarları Azərbaycanın bu bəyanatını sülh danışıqlarından imtina kimi dəyərləndirirdilər. İşğalçı dövlət bir qədər də irəli gedərək belə bir sərsəm bəyanatla çıxış edirdi ki, Azərbaycan hərb yolunu seçərsə uduzacağı şəksizdir. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atır, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bəs harada idi bu “yenilməz” Ermənistan ordusu? Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyib, hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Hər günü tariximizə qələbə səhifəsi kimi yazan Ordumuz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı və dünyaya nümayiş etdirdi ki, ən güclü, məğlubedilməz oldu Azərbaycan Ordusudur. Dövlətimizin qətiyyəti, xalqın iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğalçı Ermənistana yeri göstərildi, işğal altında olan torpaqlarımız azad olundu, düşmənin hərbi texnikası məhv edildi və qənimət kimi götürüldü.
Reallıq budur ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. 30 il torpaq həsrətini yaşasaq da bir gün belə onlara qovuşacağımıza ümidimizi itirmədik. Xalqımız əmin idi ki, dövlətimizin uğurlu siyasəti, Ordumuzun gücü sayəsində bir qarış torpağımız belə düşmənə verilməyəcək. Bu gün böyük fəxr hissi ilə Cəbrayılla yanaşı, digər torpaqlarımızın da azad edilməsindən böyük qürur hissi ilə danışırıq. Dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşən xalqımızın, Azərbaycan Ordusunun yaşanan Qələbədən qürurlanmağa, başını uca tutmağa tam haqqı var.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər