Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı Nəsimi rayon prokurorluğu da məlumat yayıb.
Qeyd olunub ki, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüliqanlıq) maddələri cinayət işi başlanıb.
akıda restoranda musiqi sifarişinə görə öldürülən və yaralanan şəxslərin çalışdıqları qurum məlum olub.
Əldə olunan məlumata görə, Nəsimi rayonu ərazisində baş vermiş hadisə zamanı öldürülən 1988-ci il təvəllüdlü Vəliyev Cəsarət Baxış oğlu və 1994-cü il təvəllüdlü Həsənov Camal Hafiz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, mart ayının 16-da saat 00:30 radələrində DSX-nin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib:
“Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Bölməyə aid digər xəbərlər