11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Şuşadan verilən mesaj: “Ermənilər başa düşməlidirlər ki, taleləri öz əllərindədir” - FOTO

     Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva keçən il olduğu kimi bu il də Zəfər Gününü Şuşada qeyd ediblər. Burada çıxışı zamanı dövlət başçısı bildirib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazıb: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.
     Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
                             “Ermənistanı əsas dayaqlardan təcrid etdik”
     Prezident vurğulayıb ki, aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul edib:
“Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur”.

Prezident qeyd edib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır: “Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.
Dövlət başçısı onu da deyib ki, Qarabağ bizim əzəli torpağımızdır: “Rus sülhməramlıları orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
                      “Bu mesajların ilk ünvanı Ermənistan idi”

Politoloq Əlimusa İbrahimov bildirdi ki, Prezident İlham Əliyev xaricdən bizi diqqətlə izləyən və uğurlarımızdan əndişə keçirən maskası cırılan qonşularımıza mesajlarını verib: “Bu mesajların ilk ünvanı Ermənistan idi. Prezidentin mesajları içində Ermənistanın arxasında dayanan və onu hər vasitə ilə Azərbaycana qarşı təxribatlara həvəsləndirən beynəlxalq qüvvələrə də ünvanlanmış xəbərdarlıqlar var idi. Dövlət başçısı bu qüvvələri 30 il müddətində həyata keçirdikləri ermənilərə dəstək siyasətindən əl çəkməyə çağırdı. Çünki Azərbaycan Prezidenti haqlı olaraq Ermənistanın bugünkü acınacaqlı vəziyyətə düşməsinin səbəbini məhz o xarici qüvvələrdə görür.
Həqiqətən də, əgər indi Ermənistanı dəstəkləyənlər onu işğalçılıqdan əl çəkməyə sövq edə bilsəydilər, ermənilər bugünkü acınacaqlı vəziyyətə düşməzdilər. Xarici himayədarlara səslənməklə yanaşı, Azərbaycan Prezidenti kənardan gələn dəstəyə bel bağlamamağı da ermənilərin növbəti dəfə diqqətinə çatdırırdı. Ermənilər birdəfəlik başa düşməlidirlər ki, öz taleləri öz əllərindədir. Nəinki Rusiyanın, Fransanın, ABŞ-ın və İranın”. 
                   “İranla yumşaq dildə danışılmayacağına bir işarə idi”
Politoloq qeyd etdi ki, dövlət başçısı İrana da diqqətçəkən mesajlar göndərib: “Prezident İranın Ermənistanı bundan sonra da dəstəkləməsinin bumeranq kimi onun özünə qarşı çevriləcəyi barədə xəbərdarlıq etdi. Bu həm də Azərbaycanın bundan sonra İranla yumşaq dildə danışmayacağına bir işarə idi. Bununla yanaşı İlham Əliyev Azərbaycanın sülhə, mehriban qonşuluq siyasətinə və üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağını bir daha vurğulayaraq digər dövlətləri də buna çağırdı”.


Tarix: 12-11-2022, 12:32 Oxunub: 154


Bölməyə aid digər xəbərlər