"Ermənistanın indiki rəhbərliyinə gəldikdə isə onlar bütün istiqamətlər üzrə öz siyasətinin həyata keçirilməsində daha çox Qərbdəki erməni diasporunun köməyinə ümid edərək işğal olunmuş ərazilərin, ilk növbədə, Azərbaycanın qədim Şuşa şəhərinin zorla məskunlaşdırılması planını hazırlamışdılar. Bu, açıq-aşkar, nümayişkaranə şəkildə həyata keçirilir, televiziyada göstərilirdi".
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan xalqının səbir kasasını daşdıran başqa hərəkətlərdən biri qondarma "Dağlıq Qarabağ respublikası”nın parlamentinin Xankəndidən Şuşaya köçürülməsi barədə qərarı idi:
"Buna azərbaycanlıların heysiyyətinin təhqir edilməsindən başqa ad vermək olmaz. Azərbaycanın qədim Şuşa şəhəri işğal edildiyi vaxtdan sonra ilk dəfə Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısının qondarma inauqurasiyası da bu qəbildəndir. Beləliklə, Ermənistan rəhbərliyinin hərəkətləri və addımları vəziyyəti kəskinləşdirməyə, Azərbaycan tərəfini cavab tədbirləri görməyə təhrik etməyə və danışıqlar prosesini pozmağa yönəlmişdi ki, sonradan desinlər, görürsünüzmü, yenidən hərbi toqquşmalar baş verir, buna görə yenə hər şeyi uzatmaq lazımdır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü".
Bölməyə aid digər xəbərlər