Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyənləşən şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları dəfn edilib.
Elbrus İsaqovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyənləşib. Şəhid Elbrus İsaq oğlu İsaqovun qalıqları Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Şəhidlə qəsəbədə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.
Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984-1986-cı illərdə Əfqanıstanda xidmətdə olub. Könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Döyüş yoluna Murovdağ silsiləsindən başlayıb. Ömər aşırımının müdafiəsində qəhrəmanlıq göstərib. 1994-cü ilin fevral ayının 11-dən sonra itkin düşmüş sayılıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində rayon sakinlərinin, şəhidlərin ailə üzvlərinin, Tərtər və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.
Bölməyə aid digər xəbərlər