Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə nazirlikdən məlumat verilib. Vurğulanıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı gözlənilir.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
“Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir”, - nazirlikdən qeyd olunub.
Bölməyə aid digər xəbərlər