Bu gün Azərbaycan - Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədədir və özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də bölgənin ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına, ədalətli və dayannıqlı sülhün əldə olunmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin inkişafından keçir.
Son dövrlərdə ölkəmizin həyatında tarixi, əlamətdar və yaddaqalan günlərin sayı artmaqdadır. İstər Vətən müharibəsi dövründə, istərsə də Vətən müharibəsindən sonra iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyənin bir yerdə olması hər birimizi sevindirir, qürurlandırır. Son illərdə Türkiyədə və Azərbaycanda keçirilən çoxsaylı görüşlər, açılış mərasimləri bunları söyləməyə əsas verir. Oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Zəngilanın azad olunduğu gündən iki il sonra hava limanının açılış mərasiminin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır. Bütün dünyaya sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəlişinin bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan - Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə bölgənin inkişafının deyil, eyni zamanda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında oldular. Bundan başqa, dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan - Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. İki qardaş ölkənin prezidentləri tərəfindən Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz - Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən “Qumlaq” stansiyasının da təməli qoyuldu. Zəngəzur dəhlizinin reallaşması nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları buradakı çıxışı zamanı demişdir: “İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat - bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”.
Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət, bütün bölgədə dayanıqlı sülhün təmin olunması, qarşılıqlı etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətləndirilməsinə xidmət edərək bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədini daşıyır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan Türkiyə dostluğu, qardaşlığı, həmrəyliyi əbədidir, dönməzdir, sarsılmazdır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatı Aparatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər