12:32 / 27-04-2024
FHN Masallıda tədbir keçirdi
12:30 / 27-04-2024
Bazar günü 32° isti olacaq
Novruz bayramı – böyük el bayramıdır! - Aynurə Abbasova

     Azərbaycanın ən əziz, milli bayramlarından olan Novruz bayramı, bir bayram kimi xalqımız tərəfindən geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.
     Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışmışlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar.
    Sovet dövründə Novruz bayramı qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
    Bəli, təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inancına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
   Novruz bayramı həm də qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — məzəli meydan oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
    Su və odla bağlı maraqlı ənənələr də var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur.
     Novruz bayramında azərbaycanlılar həm də bayram süfrəsinə ciddi diqqət yetirirlər. İnanclara görə süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək, ərzaq, ədviyyat olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.
     Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
     Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
    Novruz şən və sevimli bir bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını dördüncü ildir ki, qalib xalq olaraq qeyd edirik. Bu il Novruz bayramı müstəqil, suveren, işğalsız, ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın bütün ərazisində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını, canını Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizin də ruhu bu gün şaddır. Çünki onların qanı yerdə qalmadı, qisası artıqlaması ilə alındı.
     Bu xoş günləri, bayramları bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayırıq!
     Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları başda olmaqla müdrik xalqımızı bu əziz, milli bayram münasibətilə təbrik edirik!

Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 19-03-2024, 08:42 Oxunub: 94


Bölməyə aid digər xəbərlər